"Aşura günündə qan vermək Allaha xoş gedən addımdır" RƏY_ÖZƏL

“Məhərrəm ayı müsəlman aləmində haram aylardan biri sayılır. Yəni bu ay günah iş görməyin cəzası və savabı dəfələrlə artıq olur”. Bu fikirləri SİA-ya açıqlamasında "Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, araşdırmaçı Anar Turan deyib.

O bildirib ki, Aşura günü Məhərrəm ayının 10-cu gününə düşən, din tarixində bir sıra önəmli hadisələrin baş verdiyi təqvimdir: “Lakin bu ayı xüsusi özəl edən Aşura günündə baş vermiş böyük hüzn və qəhrəmanlıq hadisəsidir ki, bu günə qədər unudulmur. Bildiyiniz kimi Aşura günü Məhəmməd Peyğəmbərin sevimli nəvəsi İmam Hüseyn müridləri və ailə üzvləri ilə bərabər xəlifəlik taxtını zorla ələ keçirərək, tarixdə özünün pis obrazı və mənfi əməlləri ilə xatırlanan Yezid ibn Müaviyənin qoşunu tərəfindən qətlə yetirilib. Bu faciə nəinki İslam aləmində, bütövlükdə bəşər tarixində böyük iz buraxıb. Doğru ilə yalanın mübarizəsində bu amil həmişə önə çıxarılıb, İmam Hüseynin şəhidlik fəlsəfəsi təbliğ olunub. Bu baxımdan xalqımız əsrlər boyu bu dəyərə önəm verib”.

Onun sözlərinə görə, bəzən Məhərrəmlik ayının fəzilətlərini dərk etməyən, özünü “inanc”lı kimi qələmə verən şəxslər insanlara yanlış informasiyalar ötürərək onların inanclarına toxunmaq kimi təhlükəli hərəkətlərə yol verirlər: “Məsələn, kütləvi baş yarma, zəncir vurma səhnələri var ki, bunların İslam dininin təməl prinsipləri ilə əlaqəsi yoxdur. Bu addımların əvəzinə həmin gün ölkəmizdə keçirilən qanvermə aksiyalarında iştirak etmək daha faydalıdır. Əlbəttə, bu prinsiplərə riayət edən kifayət qədər insanlarımız da mövcuddur. Bu, çox faydalı və Allaha da xoş gedən bir addımdır. Çünki həqiqətən qana ehtiyacı olan nə qədər insanlar var. Lakin azyaşlı uşaqların bu kimi mərasimlərə qatılması məqsədəuyğun deyil. Onlara imam Hüseynin mübarizə fəlsəfəsi öyrədilməli, həqiqət və yalanın nə olduğu, Vətən, ailə və mənəvi dəyərlər və onların uğrunda mübarizə etmək aşılanmalıdır”.

Dinə məsul qurumların Məhərrəm ayı və Aşura günü ilə bağlı fətva və tövsiyələrinin olduğunu dilə gətirən həmtəsisçi söyləyib ki, bütün bunlar İslami dəyərlərin daha düzgün təbliğata əsaslanmanın vacibliyini izah edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...