"Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir"

Ümummilli Lider Heydər Əliyev

Vətən sərhəddən başlayır. Sərhədi ciddi və etibarlı qorunan Vətən həmişə əzəmətli görünüb. Eyni zamanda, sərhədi möhkəm qorunan dövlətin ticari və iqtisadi inkişafı qaçılmazdır, qlobal təhlükələrdən, xüsusən də, terrorizmdən müdafiəsi etibarlıdır. Məhz bu gün sərhədlərimizin qorunması istiqamətində Azərbaycan dövlətinin əhəmiyyətli layihələri mövcuddur. Eyni zamanda, qürurla qeyd etmək olar ki, ölkəmizin Silahlı Qüvvələrinin sırasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşəkarlıq səviyyəsi daim yüksəlməkdədir.

"Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi" - deyə vurğulayan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müstəqil dövlətin əsas dayağının onun silahlı qüvvələrində olduğunu daim qeyd edib. Əlbəttə ki, Sərəhəd Qoşunlarının əsgərindən tutmuş zabit heyətinədək hər bir Azərbaycan övladı burada xidmət keçməkdən yalnız fərəh və qürur hissi duyur. Söz yox ki, Sərhəd Qoşunlarının elit hərbi gücə çevrilməsi asan başa gəlməyib və bu faktor tarixlərə söykənir.

Sərhəd Qoşunlarımızın keçdiyi tarixi yol

Sərhəd Qoşunlarımızın tarixinə nəzər salsaq, onun çox çətin dövrlərdən keçdiyinin şahidi olarıq. 1919-cu il avqustun 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" Qanununa əsasən, Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edildi. Lakin 1922-ci ildə baş verən siyasi təlatümlərdən sonra Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu və bununla da, öz müstəqilliyini itirdi. Bu proses yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbər

seçilməsindən sonra Onun atdığı konkret addımlar nəticəsində müsbət istiqamətə dəyişdi. Milli hərbi kadrların hazırlanmasında çox böyük işlər görüldü. Ulu Öndər Naxçıvan Ali Məclisinin Sədri olduqdan düz 3 gün sonra - 1991-ci il sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərar verdi. Bu qərarla da Azərbaycanın ilk peşəkar və vahid rəhbərliyə tabe olan milli ordusunun əsası qoyuldu. 1992-ci il avqustun 22-də Naxçıvan sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində milli bayrağımız dalğalandı. Həmin il oktyabrın 18-də isə, Naxçıvan sərhəd dəstəsində andiçmə mərasimi keçirildi.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti müasir dövrümüzün yeni mərhələsinə qədəm qoydu. Bu gün Onun həmin istiqamətdə qurduğu işlər layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılmaqdadır. Artıq hər birimiz əminliklə deyirik ki, bizim Prezident, bizim Ali Baş Komandan dövlətçiliyimizə, milliyətçiliyimizə bağlı rəhbərimizdir. Elə bu səbəbdəndir ki, bu gün İlham Əliyev Cənabları vurğulayır ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!

Söz yox ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti barədə nəticəyə gələrkən, hərbi qurumun rəisi general-polkovnik Elçin Quliyevin xidmətləri təqdirəlayiqdir. Bu gün onun rəhbərliyi altında xidmət keçən hər bir hərbçi məhz bir amili vurğulayır - cənab general hər bir əsgərə öz yaxını, doğması kimi münasibət göstərir, onların qayğıısına qalır və Sərhəd Qoşunlarının daha müasir standartlara cavab verməsi istiqamətində əzmlə çalışır. Elçin Quliyev öz çıxışlarının birində vurğulayıb ki, əldə edilən hər bir nailiyyətin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mütərəqqi siyasət və bu siyasəti uğurla davam etdirən İlham Əliyev faktoru dayanır.

Təbii ki, bu, belədir və həmin uğurlar davam edəcək. Çünki Ali Baş Komandan İlham Əliyev Cənabları tərəfindən göstərilən qayğı nəticəsində DSX-nin maddi-texniki bazası güclənir və Azərbaycan sərhəd mühafizəsində istifadə olunan yeni texnologiyaların tətbiqi, sərhəd mühafizəsinin daha da yüksək səviyyədə təşkilinə şərait yaradır. Son illərdə sərhəd mühafizəsində böyük quruculuq işləri həyata keçirilib. Çoxsaylı sərhəd infrastrukturu yaradılıb və texniki imkanlar artıb. Təlimlər zamanı hər zaman yüksək döyüş hazırlığı nümayiş etdirən sərhədçilərimiz bu imkanlardan yararlanırlar. Keçirilən genişmiqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb edir.

Sərhəd Qoşunlarının maddi-texniki bazasının inkişafı istiqamətində də önəmli işlər reallaşdırılmaqdadır. Belə ki, beynəlxalq standartlara cavab verən Sərhədçi İdman Olimpiya Mərkəzinin istifadəyə veriməsi, məhz ölkə rəhbərinin sərhədçilərimizə olan diqqətinin nümunəsidir. Bu kompleks müasir şəraiti ilə idmanın inkişafına xidmət göstərir. Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas qüvvələrindən sayılan Hərbi-Dəniz Qüvvələri dəniz təhlükəsizliyinə, bilavasitə cavabdehlik daşıyır. Sahil mühafizəmizin gəmiləri digər ölkələrin sərhəd mühafizəsi gəmilərindən üstün imkanlara malikdir.

O da sirr deyil ki, tarixlər boyu geniş sərhədlərə malik olan qədim Vətənimiz dəfələrlə yadelli düşmənlərin təcavüzünə məruz qalıb. Azərbaycan ərazisinin 20 faizinin işğal olunması bunun bariz nümunəsidir. Ancaq Vətənimizin müdafiəsində verdiyimiz şəhidlərimizin ruhu bizləri qisasa çağırır. Artıq tam əminliklə deyə bilərik ki, o gün uzaqda deyil! Güclü ordumuz Ali Baş Komandanımız İlham Əliyevin əmrinə hər an hazırdır. Dövlət Sərhəd Xidmətinin müasir hərbi texnikası düşməni yerlə yeksan etməyə qadirdir. Çünki bu güc hər bir azərbaycanlının qürur yerinə çevrilib.

Azərbaycan sərhədçiləri bu gün çox şərəfli bir missiyanın öhdəsindən layiqincə gəlirlər. Onlar Vətən qarşısındakı borclarını fədakarlıqla yerinə yetirirlər. Lakin bu, bir həqiqətdir ki, ermənilərin xristian ölkələrinə güvənərək, işğal etdikləri Azərbaycan torpaqları, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun qalibiyyətli döyüşləri nəticəsində yaxın zamanlarda azad ediləcəkdir. Məhz bu işğalçı ölkənin darmadağın olmasından sonra Azərbaycan dövləti Ermənistan və İran İslam Respublikası ilə sərhədlərdə ən müasr zastavalarını inşa edərək, sərhədlərimizi etibarlı şəkildə qoruyacaqdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə