İnformasiya terrorizmi beynəlxalq terrorizmin forması kimi

Müasir sivilizasiya çoxlu sayda qlobal problemlərlə xarakterizə olunur - ekoloji təhlükələr, iqtisadi problemlər, nüvə müharibəsi təhlükəsi və s. Onların arasında ilk sıralarda duran ən mühüm problem isə, məhz beynəlxalq terrorizmdir. Bu problem, əslində, özü ilə böyük təhlükələr gətirir və qlobal əhəmiyyətə malikdir. Əgər əvvəllər terrorizm ictimai-siyasi bir fenomen olaraq, əsasən, milli sərhədlər ilə əlaqələndirilirdisə, bu gün beynəlxalq münasibətlərin bütün iştirakçılarının qarşılaşdığı qlobal xarakterli problem kimi xarakterizə olunur.

Hazırda terror təşkilatlarının fəaliyyətinin transsərhəd bir xarakter daşıması təkcə müəyyən bir şəxs və ya ölkə üçün təhlükə deyil, bütün sivilizasiyanın qlobal problemidir. Terror təşkilatları üçün terror artıq bir həyat tərzi kimi formalaşmışdır. Məhz bu səbəbdən, ona qarşı mübarizə çoxtərəfli xarakter almalıdır.

Müasir dövrdə beynəlxalq terrorizm - müəyyən bir regionun sosial-iqtisadi şəraitindən, siyasi, dini və digər vəziyyətindən asılı olaraq, davamlı şəkildə dəyişməyə meyilli çoxşaxəli bir fenomendir. Bu səbəbdən də, terrorizmə qarşı mübarizə metodlarının araşdırılması və beynəlxalq təhlükəsizlik problemlərinin həlli günümüzdə beynəlxalq siyasətin ən vacib məsələlərindəndir. Təəssüf ki, dünya ictimaiyyəti üçün olduqca çətin və son dərəcə kəskin problem olan bu məsələlərə birmənalı cavablar, hələlik, yoxdur. Tam aydındır ki, müasir terrorizm üzərində qələbənin əldə olunmasına dünyanın heç bir qüdrətli dövlətinin nə maddi resursları, nə də inkişaf etmiş texnologiyaları təminat verə bilməz.

Ümumiyyətlə, "terrorizm - ictimai şəkildə həyata keçirilən və ya həyata keçirilməsi ilə hədələnən, əhaliyə və sosial qruplara qarşı yönəlmiş və hər hansı bir qərarın qəbul olunmasına və ya olmamasına birbaşa və ya dolayı yolla terrorçuların maraqlarından irəli gələn qeyri-qanuni yollarla formasıdır".

18 iyun 1999-cu il tarixli "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda terrorizmin belə tərifi verilmişdir: "Terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə, həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir."
Dünyada artan qloballaşma prosesləri və informasiya cəmiyyətinin formalaşması şəraitində terrorizm ölkələrin dövlət quruculuğu və bütövlüyünə, beynəlxalq sabitliyə təhlükə yaradan müstəqil bir amil kimi çıxış etməyə başladı. Hazırda müasir terrorizmin təsirlilik dərəcəsi təkcə ayrı-ayrı dövlətlərin daxili siyasətində deyil, həmçinin, beynəlxalq təhlükəsizlikdə də artmaqdadır.

XXI əsrin əvvəllərində terrorizm ən təhlükəli və çətin proqnozlaşdırılan bir məfhuma çevrildi ki, hazırda onun müxtəlif növləri mövcuddur. Terrorizmin bəşəriyyət üçün ən təhlükəli növləri kimi kimyəvi, bioloji, nüvə və s. terrorizmləri hesab olunsa da, siyasi, iqtisadi, ideoloji, etnik və ya milli terrorizm də dövlətlər üçün aktual problemlərdən biridir. Heç şübhəsiz, müasir dövrün tələblərindən irəli gələrək, bütün zamanlarda, istər müharibə, istərsə də dinc dövrdə yaşanan terrorizm kimi əhəmiyyətliliyinə görə ilk sırada duran və hər bir dövlətin siyasətinin prioritet sahələrindən olan informasiya terrorizmidir.

Bu gün informasiya hər birimizin həyatında çox böyük rol oynayır, bu isə, onunla əlaqədardır ki, biz informasiya cəmiyyətində yaşayırıq. İnformasiyadan istifadə edərək, çoxlu sayda yaxşı və pis işlər görülə bilər. Hal-hazırda, hər kəsə tanış "İnformasiyaya malik olan kəs dünyaya sahibdir", "İnformasiya müharibəsində, bir qayda olaraq, hücum edən və davamlı şəkildə təzyiqini gücləndirən qalib gəlir ...", "Bu gün informasiya müharibəsi sivilizasiyaların müharibəsidir, bu fərqli məqsədlər, biliklər, nəzəriyyələr arasında qarşıdurmadır" ifadələri çox aktualdır.

İlk növbədə, qeyd etmək lazımdır ki, informasiya terrorizmi müasir texnologiyaların sürətli inkişafı nəticəsində yaradılmışdır. İnformasiya terrorizmini düşmənə fiziki təsir vasitələrindən istifadə etmədən və yalnız informasiyanın təsirinə hesablanan bir psixoloji təzyiq və təsir kimi qəbul etmək olar ki, burada əsas məqsəd qorxu yaratmaq, əhalini vahimə içərisində saxlamaqdır. Tanınmış ingilis-irland mənşəli amerikan dövlət xadimi, sosioloq Edmund Börke qorxu hissi haqqında belə demişdir: "Qorxu qədər insan ağlını bütün fəaliyyət və düşünmək gücündən məhrum edən başqa bir hissiyyat yoxdur". Həmçinin, qeyd edək ki, "terror" sözü latın dilindən götürülmüş və etimoloji mənası "qorxutmaq" deməkdir.

İnformasiya terrorizmi siyasi, fəlsəfi, hüquqi, estetik, dini və digər baxış və düşüncələri özündə birləşdirən mənəvi sahədə baş verir ki, burada, məhz ideyaların mübarizəsi gedir. İnformasiya texnologiyalarının mövcudluğu və sərbəst istifadəsi bu cür terrorizmin riskini əhəmiyyətli dərəcədə artırır. Belə ki, cəmiyyət nə qədər çox informasiyalaşarsa, bir o qədər də kütləvi psixoloji terrorun təsirlərinə qarşı daha çox həssas olacaqdır. Lakin bu, o demək deyil ki, cəmiyyətin tamamilə informasiyalaşması dövlət və insanlar üçün ciddi problemlər yaradır. Hər bir inkişaf etmiş və ya inkişaf etməkdə olan dövlətin qloballaşan dünyaya inteqrasiyası, cəmiyyətin demokratikləşməsi, vətəndaşlara xidmətin yüksək səviyyədə təşkil edilməsi üçün müasir informasiya texnologiyalarından geniş istifadə edilməsi vacib şərtlərdəndir. Bütün bunların fonunda isə insanın şüuruna və ruhuna yönəldilən psixoloji-informasiya təsirlərindən danışmaq üçün bir əsas yaranır. Bu təsirin əsas obyekti qismində isə ayrı-ayrı fərdlər, qruplar, həmçinin, dövlətlər çıxış edir.

Psixoloji təsir, bir qayda olaraq, media vasitəsi ilə həyata keçirilir və belə təsirin tətbiqi üçün asanlıqla mənimsənilə bilən məlumatlardan istifadə olunur. Bu məqsədlər üçün xüsusi hazırlanmış proqramlar insana istənilən bir informasiyanı rahatlıqla mənimsəməyi və düşünmədən ona inanmağı aşılayır.

Kompleks şəkildə toplanmış informasiyalar ictimai rəyin, insanların şüurunun manipulyasiyası üçün nəzərdə tutulmuşdur ki, onun mənimsənilməsində də fizioloji və psixoloji qanunlardan istifadə olunur. Bu məqsədlə xüsusi hazırlanmış mətn, dilin spesifik templəri və modulasiyası istifadə olunur. Şüurun manipulyasiyası, insanları dünyanın, əslində, mövcud olmayan görünüşünü yaradan müəyyən bir idarə olunan informasiya sahəsinə qərq etməklə həyata keçirilir. Belə ifadə etmək mümkün olarsa, virtual informasiya sahəsinin formalaşması üçün əsas kimi yalan (həqiqətə uyğun olmayan məlumatlar) çıxış edir.

Ümumiyyətlə, şüurun manipulyasiya olunması məsələsi son dövrlərdə elmi-nəzəri ədəbiyyatlarda sosioloq, psixoloq və politoloqların diqqət mərkəzindədir. Müasir dövrdə bir sıra tədqiqatçılar bu psixolinqvistik hadisəni əsas tədqiqat obyekti kimi elmi araşdırmaya cəlb etmiş və manipulyasiyanı "insanı düşünmədən və ya öz istəyinə qarşı olaraq nə isə etməyə (məlumat vermək, hər hansı bir hərəkəti yerinə yetirmək, öz davranışını dəyişmək) təhrik etmək" kimi qiymətləndirmişlər.

Manipulyasiya sözü, latın mənşəli olub, "manipulus" sözündən götürülmüşdür və iki hərfi mənada işlənir: a) manus-əl + pie-doldurmaq sözlərinin birləşməsindən yaranaraq, "ovuc, əlin iç hissəsi" və b) "kiçik dəstə", "bir ovuc" mənalarını ifadə edir. Qədim Romada bu söz 120 nəfərdən ibarət hərbi dəstə mənasında da işlənirdi. Oksford izahlı lüğətində isə, "manipulyasiya" (manipulation) ingilis dilində "insan şüurunun müəyyən bir istiqamətdə məqsədyönlü idarə edilməsi" mənasında izah edilir.

Mövzu ilə bağlı tədqiqatlara nəzər salsaq, görərik ki, informasiya terrorunun vahid tərifi yoxdur, fərqli sahələrin elm adamları ona müxtəlif cür yanaşmışlar ki, hər bir baxışın da, özü- özlüyündə, doğru və inandırıcı tərəfləri vardır. İnformasiya terrorizmi hər cür informasiya vasitələrindən istifadə edərək, əsasən, fərdə, cəmiyyətə və dövlətə birbaşa mənfi təsirin bir formasıdır.

Bir sıra tədqiqatçılar informasiya terrorizmini sosial qruplara, dövlət orqanlarına və idarələrinə özündə təcavüz, cinayət xarakterli təhdidləri ehtiva edən məlumatların yayılması ilə əlaqəli təhlükəli informasiya təsiri kimi ifadə edirlər. Onların fikrincə, informasiya terrorizmi dövlətdə böhran vəziyyətlərinin, cəmiyyətdə qorxu və gərginliyin yaranmasına səbəb olan obyektiv məlumatların təhrif edilməsinə gətirib çıxarır.

İnformasiya terrorizmi kompüter və informasiya texnologiyaları sahəsində əldə olunan elm və texnologiyanın son nailiyyətlərinə əsaslanan yeni bir terror fəaliyyəti növüdür. Terror təşkilatları və müxtəlif cinayətkar qruplaşmalar bütün dünyada onlardan müxtəlif məqsədlər üçün istifadə edirlər. Buna görə də, "informasiya terrorizmi" anlayışının məzmunu çox geniş xarakter daşıyır. Elmi ictimaiyyətdə informasiya terrorizminin daha çox iki növü müəyyən edilir. Onun növlərindən biri kiberterrorizmdir. Kiberterrorizmin əsas məqsədi kompüter şəbəkələrindən mühüm milli infrastrukturların (enerji, nəqliyyat, dövlət) fəaliyyətinin pozulması, hökumətin və mülki əhalinin qorxu içində saxlanması üçün bir vasitə kimi istifadə edilməsidir.

Corctaun Universitetinin professoru, kompüter cinayətkarlığı və informasiya təhlükəsizliyi sahəsinin nüfuzlu ekspertlərindən biri olan Doroti Elizabet Denninq isə "Fəaliyyət, xaktivizm və kiberterrorizm: İnternet xarici siyasətə təsir vasitəsi kimi" adlı əsərində kiberterrorizmi "hökumət orqanlarını özlərinin siyasi və ya sosial məqsədlərini həyata keçirməyə məcbur etmək məqsədilə kompüterlərə, şəbəkələrə qeyri-qanuni həmlə edilməsi və həmlə edilməsinə cəhddir" deyə tərif edir.

İnformasiya terrorizminin başqa bir növü də terrorçu qrupların internetdən istifadə edərək, təkcə terror aktlarının birbaşa həyata keçirilməsi üçün deyil, həmçinin, öz fəaliyyətlərinin maddi, informasiya və digər təminatlarla təchiz edilməsini nəzərdə tutur. Terrorizm sahəsini araşdıran tanınmış tədqiqatçı, professor Qabriel Veyman terrorçular tərəfindən internetdən istifadənin səkkiz üsulunu müəyyən edir: 1) psixoloji müharibənin aparılması; 2) məlumatın axtarışı; 3) terrorçuların təlim keçmələri; 4) pul vəsaitlərinin toplanması; 5) təbliğat; 6) toplaşmaq; 7) şəbəkələrin təşkili; 8) terror hərəkətlərinin planlaşdırılması və əlaqələndirilməsi.
Ümumiyyətlə, artıq terrorizm terrorçuların gizlədildiyi dövlətin ərazisi ilə məhdudlaşmır, terror əməliyyatlarının hazırlanması üçün bazalar, bir qayda olaraq, terrorçuların hədəfləri olan ölkələrdə yerləşdirilmir, terror təşkilatlarının özləri isə şəbəkə strukturu ilə fəaliyyət göstərirlər. Terror qruplaşmalarının müasir informasiya texnologiyaları və qlobal şəbəkə İnternetin imkanlarından öz məqsədləri üçün istifadə etmələrinin bir çox yolları vardır:

- terrorçu hərəkatlar, onların məqsəd və vəzifələri haqqında məlumatların verilməsi, hədəflərin və ideologiyanın böyük kütləyə təbliğ edilməsi, gələcək və artıq planlaşdırılan hərəkətlər barədə məlumatlandırmaq, həmçinin, terror aktlarının həyata keçirilməsinə aşkarcasına məsuliyyətin üzərinə götürülməsinin elan edilməsi;
- psixoloji-informasiya təsirinin göstərilməsi, həmçinin, sosial şəbəkələrin köməyi ilə "psixoloji terrorizm"in başlanğıcı olan bir sıra hərəkətlərin edilməsi: cəmiyyətdə narahatlıq yaradacaq müxtəlif xəbərlərin yayılması, təlaşın yaradılması və s.;
- nəzərdə tutulan məqsədlər, onların yeri və xüsusiyyətləri barədə məlumatların təfsilatla göstərilməsi;
- terrorçu hərəkatların dəstəklənməsi üçün vəsaitin toplanması, eləcə də, qəsb edilməsi;
- partlayıcı maddələr və partlayıcı qurğuların, zəhərlərin, zəhərli qazların, habelə, onların müstəqil şəkildə hazırlanması üçün təlimatların nəşr edilməsi və yayımlanması;
- şifrəli mesajların, həmçinin, xəritələr, hərbi və texniki sənədlər şəklində vizual informasiyanın göndərilməsi üçün elektron poçt və ya elektron elan lövhələrinin imkanlarından istifadə edilməsi;
- yeni üzvlərin terror fəaliyyətinə cəlb edilməsi, o cümlədən, hərəkətlərinin nəticələrinin nə qədər acınacaqlı və dünya üçün təhlükəli olduğunu tam anlamayan xakerlərdən istifadə edilməsi;
- məlumatların mövcud olduğu bazanın sındırılması nəticəsində saytların informasiya məzmununun dəyişdirilməsi, elektron səhifələrin və ya fərdi elementlərin əvəz edilməsi;
- səhifələrə müdaxilə edərək, oradakı baza məlumatlarının sındırılması ilə bağlı heç bir iz qoymadan qəsdən səhv məlumatların yerləşdirilməsi. Bu cür hücumlara, adətən, istifadəçilərin tam inandırıcı məzmuna malik olan ən çox ziyarət edilən informasiya səhifələri məruz qalır;
- informasiya və telekommunikasiya sistemlərinin struktur elementlərinin fəaliyyətinin səmərəliliyinin aradan qaldırılması və ya azaldılması: proqram koduna əsasən, xüsusi hazırlanmış proqram və digər vasitələrin (proqram və hardware nişanları, kompüter virusları, şəbəkə qurdları və s.) istifadə edilməsi; elektron məktubların kütləvi şəkildə göndərilməsi ("virtual blokada"nın formalarından biri hesab olunur).

İnformasiya terrorizmi - informasiya texnologiyaları və ya informasiya silahlarının vasitəsi ilə ölüm və ya digər ağır nəticələrə səbəb ola biləcək partlayışların törədilməsi, fiziki şəxslərə qarşı zorakılıqla, cəmiyyətin, dövlətin və ya beynəlxalq təşkilatın fəaliyyətinə zərər vurmaqla bağlı həyata keçirilən məqsədyönlü hərəkətdir.
İnformasiya silahları informasiya müharibəsinin aparılması və ya cəmiyyətdə təhlükəli olan, zərər yetirəcək bir çox hərəkətlərin reallaşdırılması üçün strateji hazırlanmış və ya yaradılmış informasiya resurslarıdır. Ümumiyyətlə, informasiya silahı anlayışına bir sıra tədqiqatçılar bu cür tərif verirlər: "İnformasiya silahı məhv etmək vasitəsidir, informasiya massivlərinin oğurlanması və ya təhrif edilməsi, informasiyadan istifadəni məhdudlaşdırmaq və ya qadağan etmək, texniki vasitələrin dezorqanizə edilməsi, telekommunikasiya vasitələrinin sıradan çıxarılması vasitəsi ilə cəmiyyətin və dövlətin həyat fəaliyyətinin pozulmasıdır".
İnformasiya silahının spesifikliyi ondan ibarətdir ki, onun tətbiq edilməsi obyekti kimi üç növ informasiya sahəsinin hər hansı birindən istifadə edilə bilər: a) vasitə və kommunikasiya xətləri - dünya informasiya infrastrukturunun maddi əsasları; b) təmiz informasiya və onun axınları; c) şəxsin özü.

İnformasiya silahlarının istifadəsi informasiya sahəsinin maddi obyektlərinə dağıdıcı təsir göstərir; məlumatın məhv edilməsi, təhrif edilməsi və ya dəyişdirilməsinə səbəb olur; insanın sinir sistemini, psixikasını və şüurunu məqsədli şəkildə pozur. Bununla bərabər, qeyd edək ki, bu növ silahların istifadəsi həm silahlı münaqişələr şəraitində, həm də sülh dövründə informasiya qarşıdurması zamanı açıq xarakterli ola bilər.
İnformasiya müharibələrindən fərqli olaraq, terror aktları birdəfəlik ola bilir və məhvedici qüvvəyə malikdir. Belə hallarda terrorçular daha çox yalnız bir məqsəd güdürlər: istədikləri məqsədə mümkün qədər tez çatmaq və ətrafa daha çox səs salmaq.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, informasiya terrorizminin əlamətlərini aşağıdakı kimi ayırmaq mümkündür:
- informasiya terrorizmi mütəşəkkil zorakılığın forması, psixoloji terrorun xüsusi bir növüdür;
- informasiya terrorizmi kütləvi informasiya vasitələri ilə yayılır;
- informasiya terrorizmi zamanı əhalinin böyük kütləsi üzərində psixoloji təsir hökm sürür;
- informasiya terrorizminin taktiki məqsədi yaradılacaq problemə diqqət çəkmək və onun ətrafında böyük səs yaratmaqdır;
- informasiya terrorizminin strateji məqsədi müəyyən bir nəticə əldə etmək üçün insanları qorxutmaq və onlarda mənəvi düşkünlük yaratmaqdır;
- burada gözlənilməzlik təsirinə görə hesablama aparılır;
- informasiya terrorizminin əsas xüsusiyyətlərindən biri hərəkətlərin ictimai və nümayişkar xarakterdə olmasıdır.
Beləliklə, hazırda dünyanı bürüyən terror günümüzün ən aktual problemlərindən biri hesab olunur və ona qarşı mübarizə hər bir dövlətin siyasətində mühüm yer tutur. Son illərdə isə terrorizmin ayrı-ayrı ölkələrin sərhədlərini aşaraq, beynəlxalq müstəviyə yüksəlməsi, artıq bütün bəşəriyyət üçün böyük təhlükə olduğundan xəbər verir. Beynəlxalq terrorizmin yeni forması kimi informasiya terrorizminə qarşı mübarizə də bütün dövlətlərin və beynəlxalq təşkilatların ən çox müzakirə etdikləri məsələlərindən biridir. Bu sahədə istər milli qanunvericilik, milli təhlükəsizlik, informasiya təhlükəsizliyi doktrinaları, istərsə də beynəlxalq normativ-hüquqi aktlar qəbul olunmuşdur. Lakin bununla yanaşı, terrorizmə qarşı müxtəlif sahələrdən olan mütəxəssislərin (sosioloq, psixoloq, politoloq, hüquqşünas, iqtisadçı, dinşünas və s.) birgə fəaliyyəti və mübarizəsi də mühüm əhəmiyyətə malikdir.

Talışınski Elvin,
siyasi elmlər üzrə fəlsəfə doktoru
e.talishinski@inbox.ru

Bütün xəbərlər Facebook səhifəmizdə