Azərbaycan dünyaya birgəyaşayış meyarlarını sərgiləyir

Etnik münaqişələr, qarşıdurma, təcavüz kimi hallara təsadüf etdiymiz zamanda, ölkəmiz Şərqə məxsus qonaqpərvərlik ənənələrini və birgəyaşayış mədəniyyətini qoruyub-saxlayır. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti dövlətimizi çoxmillətli, çoxkonfessiyalı diyar kimi, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz əsrlər boyu burada yaşayan bütün millətlərin və dinlərin nümayəndələri üçün Vətən olmuşdur: "Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirik ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır".

Azərbaycanda 2008-ci ildən "Bakı Prosesi" başlanılmışdır. "Bakı Prosesi" Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi daşıyır. Belə ki, Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransında islam və Qərb sivilizasiyaları, eləcə də, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Bakı Prosesi" təşəbbüsü irəli sürülmüşdür. Konfransda "Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı Bəyannaməsi" qəbul edilmişdir. 2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan Prezidentinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışı "Bakı Prosesi"ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirdi. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideyası UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi və 2011-ci ilin aprel ayında Bakıda ilk forum keçirildi. Həmin ildən etibarən hər iki ildən bir keçirilən forumda, ümumilikdə, 160 ölkədən 6 mindən çox dövlət və hökumət rəsmisi, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri və səfirlər, parlamentarilər, diplomatlar, QHT və media nümayəndələri, jurnalistlər və ekspertlər iştirak ediblər.

Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ölkəmizdə tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. Ötən on il ərzində ölkədə "Bakı Prosesi" çərçivəsində, həmçinin, bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib. Əlbəttə ki, bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib ki, bunun da müxtəlif əsasları mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir.

Bu gün, əlbəttə, ölkəmizdə keçirilən tədbirlərin müvəffəqiyyətlə reallaşdırılmasında "Bakı Prosesi"ni əhəmiyyətli rolu vurğulanır. "Bakı Prosesi" inklüziv cəmiyyətin qurulması, onun davamlı inkişafına nail olmaq üçün dinlər, mədəniyyətlər və müxtəlif xalqlar arasında dialoq və əməkdaşlığı təşviq edən yeganə qlobal əhəmiyyətli platformadır. Azərbaycan son on il ərzində, müntəzəm olaraq, dünya ölkələrinin siyasi, mədəniyyət və dini liderlərini bir araya gətirdi. Sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələr beynəlxalq miqyasda böyük rezonans doğurur. Azərbaycan dövləti tərəfindən həyata keçirilən xoşməramlı siyasət, həmçinin, müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən ölkəmizin həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxararaq, daha qlobal səviyyəyə yüksəltməyə nail oldu.

Paytaxtımız Bakı şəhərinin 2025-ci ildə "Ekspo" Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi də elə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, sülhün, əmin-amanlığın, sabitliyin hökm sürdüyü bir məkan olmasından qaynaqlanır. Universal sərgi, dialoq, qarşılıqlı fəaliyyət üçün yeni bir güclü platforma kimi səciyyələndirilir. İdeyalar məkanı kimi tanınan müstəqil dövlətimiz, artıq özünü təsdiqləyib. Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələr onun ölkənin avanqard qabiliyyətini bir daha nümayiş etdirir.

Əminliklə vurğulamalıyıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün bəhrəsi olan "Bakı Prosesi" təkcə ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyətlidir. "Bakı Prosesi" sübut etdi ki, dünyanın bir çox ölkələri layihəyə dəstək verməklə, onun təşəbbüskarı ilə həmrəydirlər. Bu həmrəylik müasir dövrümüz üçün olduqca vacib olan məqamdır. Dünyanı sülhə, əmin-amanlığa çağırış üçün birgə təşəbbüslər və müzakirələr mövcud qarşıdurmaların aradan qaldırılmasında əhəmiyyətlidir.

Onu da qeyd etmək yerinə düşər ki, beynəlxalq tədbirlər məkanı olan Azərbaycanda keçirilən tədbirlər, bir daha təsdiq edir ki, Azərbaycan dünyaya yalnız enerji daşıyıcıları deyil, multikultural dəyərləri, ümumbəşəri ideyaları və birgəyaşayış meyarlarını da ixrac edir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə