Plastik tullantılar üçün respublikanın 7 şəhər və rayonunda konteynerlər yerləşdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçiriblər. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, reydlər zamanı Lənkəran şəhərinin Xəzər sahili ərazisindəki obyektlərin fəaliyyəti zamanı yaranan məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı altı protokol tərtib olunub. Bununla yanaşı, məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına Salyan rayonunun Çuxanlı, Neftçala rayonunun Kürqarabucaq kəndləri ərazisində və Beyləqan rayonunun 20 yanvar küçəsi yaxınlığında rast gəlinib. Aşkarlanmış qanun pozuntularına görə müvafiq olaraq üç və bir protokol tərtib edilib. Həmçinin Balakən, Zaqatala, Qax və Şəki rayonlarının ərazisində plastik qabların qalaqlanaraq yandırılması faktlarına görə tərtib edilən protokolların sayı 5-ə bərabərdir.

Qeyd edək ki, plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə nazirliyin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində, ümumilikdə, yeddi şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib. ETSN ilə yanaşı rayon icra hakimiyyətləri və “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyətin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.

ETSN bir neçə rayon icra hakimiyyətləri tərəfindən də konteynerlərin yerləşdirilməsi ilə bağlı nazirliyə edilən müraciətləri təqdirəlayiq hal kimi qiymətləndirir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin müraciəti əsasında rayonun Heydər Əliyev Parkı ərazisində bir ədəd konteyner yerləşdirilib.

Nazirlik plastik tullantıların idarə edilməsi ilə bağlı müvafiq qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, əhalini isə plastik tullantılardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə dəstək olmağa, eyni zamanda, hər kəsi bu işdə öz töhfəsini verməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...