Mübariz Qurbanlı: "Məhərrəmlik ayında xurafat elementlərini təkrarlamaq istəyi yolverilməzdir"

"Məhərrəmlik ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq. Plana uyğun olaraq görüşlər keçiriləcək, müzakirələr aparılacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, bildirib ki, məhərrəmlik ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər: "Məncə, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər islami dəyərlərə söykənir. Məhərrəmlik ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir".

M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il qanvermə aksiyası keçirilir. Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur: "Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Bunlar olacaqsa, onlar dini ayinlərin icrasında yol verilən nöqsan olacaq".

Komitə sədri vurğulayıb ki, bu il məhərrəmlik ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra Aşura olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə