Sosial xidmət müəssisələrindəki uşaqların istirahəti təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərinin əyləncə mərkəzində istirahəti təşkil olunub. Qurban bayramı münasibəti ilə təşkil olunan tədbir uşaqlara xoş anlar bəxş edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə son illərdə açılışı olan Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi ölkəmizdə hər bir uşağın dövlətin qayğısı ilə əhatə olunduğunu bir daha təsdiq edir. Müəssisədəki uşaqlar stasionar şəraitdə reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edilir, onların digər həmyaşıdları kimi normal həyat tərzi üçün məqsədyönlü reabilitasiya işləri aparılır.

Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Fondun layihəsi əsasında yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlar əsasında reabilitasiya şəraiti mövcuddur. Burada hər il 400-dək uşağa reabilitasiya üsulları ilə bərpa xidmətləri göstərilir. Fond tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, onların cəmiyyətə inteqrasiyası üçün mütəmadi olaraq humanitar yönümlü aksiyalar həyata keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...