Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 85 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 55 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 266 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Salyanda 6, Bankədə isə 16 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 sm (2017-ci il avqustun 20-də 352 sm), Şirvanda 185 sm (2017-ci il avqustun 20-də 207 sm), Salyanda 107 sm (2017-ci il avqustun 20-də 138 sm), Bankədə 194 sm (2017-ci il avqustun 20-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2017-ci il avqustun 20-də 58 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə