Vətəndaşların "DOST"una böyük ümidlər var ŞƏRH

Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə olunması və sosial rifahının yüksəldilməsidir

Prezident İlham Əliyevin avqustun 9-da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərman da bu məqsədlərə xidmət edir.

Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə, süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxs (DOST Agentliyi) yaradılıb.

Sənəddə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən "DOST" mərkəzlərinin yaradılması müəyyən edilib. "DOST" mərkəzlərində xidmətlərin "bir pəncərə", həmçinin, operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri, eləcə də, vətəndaşların, bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla həyata keçirilməsi, əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulub.

Agentliyin fəaliyyətinin təşkili, "DOST" mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.

Ekspertlər hesab edir ki, Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə olunması, sosial rifahının yüksəldilməsidir. Xüsusilə, sosial güzəştlər tələb olunan sahələrdə vətəndaşlarımıza - Vətən müharibəsi əlilləri, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələri, qaçqın və məcbiri köçkünlərə, aztəminatlı ailələrə yüksək diqqət göstərilir. Sosial təminata ehtiyacı olan əhalinin mənzil təminatının yaxşılaşdırılması, həyat şəraitinin yüksəldilməsi ilə əlaqədar mütəmadi tədbirlər görülür. Yeni yaradılan agentlik, həmçinin, əlillik dərəcələrinin alınması, məşğulluq və sosial təminat sahələrindəki bəzi problemlərin həlli istiqamətində və digər məsələlərdə mühüm addımlar atacaq. Yəni, "DOST"a böyük ümidlər var. Ümumiyyətlə, agentliyin yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Əlbəttə ki, Prezident İlham Əliyevin daxili siyasətində sosial müdafiə və sosial təminat prioritet istiqamətdir. Əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı insanların müdafiəsinin gücləndirilməsi, pensiya, müavinətlərin, ünvanlı sosial yardımların verilməsi, əlillik məsələlərinin müəyyənləşdirilməsi və digərləri əhalinin sosial müdafiəsinə xidmət edən sahələrdir. Bu sahədə pərakəndiliyi, müəyyən hallarda rast gəlinən qeyri-qanuni münasibətləri aradan qaldırmaq, vətəndaşlara xidmətin keyfiyyətini yüksəltmək üçün sosial təminatı bir mərkəzdən həyata keçirmək məqsədilə dövlət başçısı yeni agentliyin yaradılmasını məqsədəuyğun hesab edib.

"DOST" mərkəzləri dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla yaradılacaq. Agentliyin yaradılmasında məqsəd sosial xidmət sahələrində keyfiyyəti yüksəltmək, operativliyi artırmaq və vətəndaşların məmnunluğunu artırmaqdır. Agentliyin regional formaları da yaradılacaq. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli strukturlarının göstərdiyi bir çox funksiyalar bu agentlikdə birləşərək, daha keyfiyyətli, operativ bir mərkəzdən idarə olunmaqla həyata keçiriləcək. Bu da əhalinin aztəminatlı hissəsinin həm məşğulluğunun təmin olunmasında, həm sosial yardımların alınması, müavinət və pensiyaların hesablanmasında, əlillik vəziyyətinin qiymətləndirilməsində operativliyi təmin edəcək. Demək olar ki, vətəndaş bir binaya girməklə özünün mövcud problemlərinin hamısını həll edərək, oradan çıxa bilmək imkanı qazanacaq. Sosial xidmət sahəsində elektron xidmətlərin həm keyfiyyəti, həm də miqyası genişlənəcək. Yəni vətəndaş bəzi hallarda evindən çıxmadan elektron müraciət əsasında o xidmətləri ala biləcək.

Yeni yaradılacaq Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, "DOST" mərkəzlərinin yaradılması bu sahədə şəffaflığın artırılması, vətəndaşlara daha səmərəli və əlçatan xidmətlərin tətbiq edilməsi məqsədi daşıyır. "DOST" mərkəzlərinin yaradılması sosial sferada "ASAN Xidmət" modeli kimi qiymətləndirilir.

Göründüyü kimi, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursu sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradır. Bütün bunlar dövlətin bu cür sosial layihələrə böyük vəsaitlər xərclədiyini açıq-aydın göstərir. Prezident İlham Əliyev hər zaman çıxışlarında bu siyasətin davam etdiriləcəyini vurğulayaraq bildirir ki, həyata keçirilən bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi prioritet məsələdir.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə