Müqəddəs Qurban bayramında edəcəklərimiz... ARAŞDIRMA

Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da avqustun 22-si və 23-də Qurban bayramını qeyd edəcək. Bu günlər niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq, qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək.

Qurban bayramının mahiyyətində nələr dayanır? Bayramda hansı qaydalara əməl etməliyik?

İlahiyyatçı Hacı Şahin bildirib ki, İslam dinində Qurban bayramı böyük bayram adlanır: “Bayram günü məscidlərdə xüsusi namaz qılınır. Dəvə, mal-qara kəsilir Vəfat etmiş şəxslərin xatirəsini yad etmək əlaməti olaraq, evlərdə və qəbiristanlıqlarda dualar oxunur, ehsanlar verilir”.

“Qurban nəfslə mübarizəni simvolizə edir”

İlahiyyatçının sözlərinə görə, Qurban nəfslə mübarizəni simvolizə edir: “Bəzən insanın daxilində ziddiyyətli istəklər olur və onlar bir-birinə oxşayır. İnsanın bu istəklər arasında qaldığı zaman daha üstün istəyi seçməsi önəmlidir və bu bizə Həzrət İbrahim ə.s baxımından örnəkdir. İnsanın öz övladını sevməsi təbiidir. Əskinə insan Allaha yaxınlaşdıqca, övladını daha çox sevməlidir. Lakin bəzən insan ali məqsədlər uğrunda övlad məhəbbətindən keçməyi bacarmalıdır. Tutaq ki, dövlət, Vətən, torpaq təhlükə ilə üz-üzə olduğu zaman valideynlər övladlarından Allah, Vətən uğrunda keçməyi bacarmalıdırlar. Ümumiyyətlə, insan öz nəfisyanə istəklərindən ilahi eşq uğrunda keçməyi bacarmalıdır ki, məhz Qurban bayramı da bunu simvolizə edir”.

“Qurban bayramının sosial, ictimai mahiyyəti də var”

H. Şahin söyləyib ki, Qurban bayramının sosial, ictimai mahiyyəti də var: “Əsas mahiyyət Allah yolundan kəsilən heyvanın ətini Tanrının imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Bundan əlavə Qurban bayramında yoxsul, ehtiyaclı insanlara yardımlar edilir ki, bu da cəmiyyətdə xeyriyyəçilik, yardımlaşma əhval-ruhiyyəsinin yaranmasına səbəb olur. Beləliklə bu bayramın əsasında Ramazan ayında olduğu kimi xeyirxahlıq, paklıq, Allah inam və sevgi durur”.

“Qurban kəsmək yalnız Həccə gedənlərə vacibdir”

İlahiyyatçı qeyd edib ki, Qurban kəsmək yalnız Həccə gedənlərə, həcc ayinləri zamanı Məkkə ziyarətdə olan zəvvarlara vacibdir: “Digər insanlara vacib olmasa, qurban kəsmək bəyənilən əməllərdən sayılır. Hər bir insan imkanı olduğu qədər qurban kəsməlidir”.

“Uşaqların gözü qarşısında qurban kəsmək düzgün hesab edilmir”

Hacı Şahin əlavə edib ki, Qurban kəsərkən həm şəriət qanunlarına, həm də təmizliyə xüsusi riayət edilməlidir: “ Şəhərdə qan göllərinin yaradılması, qurbanların kəsimini uşaqların gözü qarşısında, geniş şəkildə icra edilməsi düzgün hesab edilmir”.

Dövlət Agentliyi: “Heyvan kəsimi yerli icra orqanları tərəfindən yaradılan məntəqələrdə həyata keçirilməlidir”

Qurban kəsimi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də vətəndaşlara bayram ərəfəsində tövsiyələrini təqdim edib. Agentlikdən verilən məlumata görə, bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş olunur.

Bildirilir ki, bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirmiş və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilmişdir. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir.

“Qurban bayramında xaricdən gətirilən cins heyvanların kəsilməsi məqsədəuyğun deyil”

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə vətəndaşlara qurban bayramı üçün sağlam heyvan almaq barədə tövsiyələr verilib. Nazirlikdən bildirilib ki, qurbanlıq heyvan alan zaman onların qulaqlarında baytarlıq nəzarətindən keçdiyini bildirən nişan olub-olmamasına xüsusi diqqət edilməlidir. Ağzından selikli maye axan, hansısa zəiflik, xəstəlik kimi əlamətləri olan heyvanların alınması məsləhət görülmür.

Nazirlik həmçinin Qurban bayramında xaricdən gətirilən və yüksək məhsuldarlığı ilə seçilən cins heyvanların qurban kimi kəsilməsi məqsədəuyğun olmadığını açıqlayıb.

“Qurban ətinin satılması haramdır”

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Qurban bayramı ilə bağlı verilə tövsiyələrdə bildirilir ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir: “Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil. Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan, İnsаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideyinlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirməк savabdır. Qurban kəsməyə imkаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir”.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramında ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq. Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

Bayramınız Mübarək!

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə