Yas mərasimləri sadə və israfçılığdan kənar keçirilməlidir

"Cəmiyyətdə və kütləvi informasiya vasitələrində müzakirə olunan məsələlərdən biri yas mərasimlərinin necə keçirilməsi ilə bağlıdır. Son illərdə artıq cəmiyyətdə daha çox insan yas mərasimlərinin, ehsan süfrələrinin təm-taraqdan uzaq, islami qaydalara uyğun olaraq sadə və israfçılığa yol vermədən keçirməyi daha məqsədəuyğun hesab edirlər. Respublikamızın müxtəlif bölgələrində artıq yas mərasimlərinin sadə aparılması qəbul edilib. Əvvəllər yas sahibləri 3, 7, 40, il mərasimləri və cümə axşamları üçün xeyli vəsait xərcləməli olurdular. İndi az bir məsrəflə yas mərasimini təşkil etmək mümkündür. Yas mərasimlərinin təmtaraqdan uzaq, israfçılığa yol vermədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən qane edir, mərasimi ailə büdcəsinə uyğun olaraq artıq xərc çəkmədən təşkil etməyə imkan verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, yas mərasimlərinin sadə, islami qaydalara uyğun, israfçılığdan uzaq keçirilməsi əhali arasında aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur: "Ancaq bu sahədə hələ çox işlər görülməlidir. Yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq göstərmək olmaz, bu məsələ yalnız islami tələbləri insanlara düzgün izah edilməsi həll oluna bilər. Bu məsələ ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində maarifləndirici verlişlərin daha çox təşkil olunmasına, məqalələrin yazılmasına, ən vacibi isə yerlərdə din xadimləri, ağsaqqallar və ziyalılar tərəfindən əhali arasında geniş təbliğat işlərinin aparılmasına ehtiyac vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə