Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasına baş çəkib

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, müraciətlərinin qəbulu və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, bəzi şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib.

Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər isə yerində təmin edilib.
Qeyd olunanlarla yanaşı, başçəkmə çərçivəsində bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də yerində yoxlanılıb, saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb və müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...