Naxçıvanda əmək pensiyalarının poçt bölmələri tərəfindən ödənilməsi uğurla icra edilir

Bu ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi üçün müvafiq işlər davam etdirilib, bütün növ əmək pensiyaçıları plastik bankomat kartları ilə təmin edilib. Bundan əlavə, əmək pensiyaçılarının istəkləri nəzərə alınmaqla, 229 nəfər əmək pensiyaçısının pensiyası poçt bölmələri vasitəsilə ödənilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq pensiyaların yerli poçt bölmələri vasitəsilə ödənişinin həyata keçirilməsi barədə verdiyi tapşırıqların icrası məqsədilə 2018-ci il yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayon filialları arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq kənd yerlərində yaşayan pensiyaçıların müraciəti əsasında pensiyaların yerli poçt bölmələri tərəfindən də ödənişi həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə