Yeni kompüter proqramı saxta və gerçək videomaterialı ayırd etməkdə çətinlik yaradacaq

“Videokamera heç vaxt aldatmır” aforizmi artıq keçmişdə qalır. Yeni kompüter proqramı sayəsində ekrandakı adamın hərəkətlərini və üz ifadələrini asanlıqla dəyişmək mümkün olacaq.

AZƏRTAC “Science.org” saytına istinadla xəbər verir ki, Kanadanın Vankuver şəhərində təqdimatı keçirilən bu proqramın alqoritmi eyni anda bir insanın başını ikiyə ayırmağa, gövdənin və gözlərin hərəkətini, üz ifadəsini dəyişməyə imkan verir. Həm də bu dəyişikliklərdən sonra ekspertlərin belə orijinal variantı müəyyən etməsi müşkül məsələyə çevrilir.

Prinston Universitetinin kompüter texnologiyası üzrə professoru Adam Finkelsteyn bildirib ki, saxta videokadrlar heyrətamiz dərəcədə realdır. Onun sözlərinə görə, yeni proqram sayəsində dublyaj edilən kinofilmlərdə aktyorların ağız hərəkətlərini konkret dilin daşıyıcısı kimi təqdim etmək mümkündür. Eyni zamanda, professor bu proqramın mobil telefonlarda istifadəsinin fəsadları ilə bağlı xəbərdarlıq edib.

Proqramın alqoritmi iki şəxsə aid videomaterialı dəyişdirməyə də imkan verir. Məsələn, iki tanınmış müğənninin hərəkətləri və üz ifadələri çərçivəyə salınır və sonra onların bütün davranış tərzi bir-biri ilə əvəz olunur. Bundan başqa, yeni kompüter proqramı bir şəxsin gəlişinin videosunu dəyişərək çıxış vəziyyətində təqdim edə bilir. Yəni, konkret şəraitdə evi tərk etməyən insanın özünü qapıdan çıxarkən görməsi də mümkündür. Proqramın müəllifləri - Almaniyanın Saarbrüken İnformatika İnstitutundan bir qrup alim 135 könüllünü cəlb etməklə əsl və saxta videomateriallar hazırlayıb. Çəkilişlərdə iştirak edənlərin heç biri gerçək və montaj olunmuş videoçarxı ayırd edə bilməyib.

İnformasiya texnologiyaları sahəsində daha bir tanınmış alim – Cənubi Kaliforniya Universitetinin professoru Kayli Oljetski yeni proqramın internet məkanında, xüsusilə sosial şəbəkələrdə fırıldaqçılar üçün alət ola biləcəyini deyib. Onun sözlərinə görə, bu cür proqramların təkmilləşdirilməsi müxtəlif manipulyasiyalar üçün əlverişli şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə