VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

SİA xəbər verir ki, müraciətdə Yay Məktəbinin dünyanın 30 ölkəsindən olan iştirakçıları bu il iyulun 19-dan avqustun 9-dək Azərbaycanda bir araya gəldiklərini qeyd edirlər.

Onlar Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin Azərbaycanda müxtəlif milli, etnik, dini və mədəni mənsubiyyətli insanlar arasında heç bir ayrı-seçkiliyə yol verilmədiyinin bariz göstərici olduğunu, həmçinin 2018-ci ilin mədəniyyətlərarası dialoqun dünyada təşviqinə yönələn Bakı Prosesinin 10 illiyinin qeyd ediləcəyini vurğulayırlar.

“Yay Məktəbi çərçivəsində iştirak etdiyimiz tədbirlər, görüşdüyümüz insanlar və getdiyimiz yerlər bütün etnik qrupların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir ölkə olaraq Azərbaycan haqqında bizim nəzəri və praktiki biliklərimizi dərinləşdirdi və gücləndirdi. Biz, Azərbaycandan və 30 xarici ölkədən olan tələbələr Azərbaycanın Gənc Dostları Klubunun üzvləriyik. Biz bu məktəbdə multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti, eləcə də bu istiqamətdə aparılan uğurlu siyasət haqqında fikirlərimizi bölüşmək məqsədilə iştirak etdik”, - deyə müraciətdə qeyd edilir.

Yay Məktəbinin iştirakçıları müraciətlərində Azərbaycana heyran qaldıqlarını və ölkə haqqında, eləcə də onun multikulturalizm siyasəti, qədim tarixi və mədəniyyəti ilə bağlı dünyada doğru məlumatların yayılması üçün öz fəaliyyətlərini davam etmək əzmində olduqlarını vurğulayırlar.

Sonda VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə dərin ehtiramlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə