Hökumət tikinti ilə bağlı qaydalara dəyişiklik etdi

Nazirlər Kabinetinin “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişiklik edilib. SİA-nın məlumatına görə, qaydaların indiyədək olan variantına əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidir.

Yeni dəyişikliyə əsasən isə deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına, tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində aparıldığı hallarda isə həmçinin həmin Agentliyə məlumat verməlidir.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”na da dəyişiklik edilib.

Bu qaydaların indiyədək olan variantına görə, balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğuna dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə görə tikintiyə icazə verən orqanların sorğusu əsasında verilir.

Yeni dəyişikliklə isə bu cümlədəki “orqanların” sözü “orqanın (qurumun)” sözləri ilə əvəz edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə