ETSN “Caspian Energy Forum Baku–2018”-ə rəsmi dəstək göstərir

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünyanın 50 ölkəsindən 1500-dən çox deleqatın qatılacağı 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku–2018”-in təşkilinə rəsmi dəstək göstərir. Bu barədə SİA-ya “Caspian European Club”-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Caspian European Club”-un idarə heyətinin üzvləri ilə ikitərəfli görüş çərçivəsində bu forumun təşkilini yüksək qiymətləndirərək tədbirdə iştirak edəcəyini bildirib.

“Caspian Energy Forum Baku–2018” sentyabrın 20-də Azərbaycan Respublikası Hökumətinin və “Caspian European Club”-un dəstəyilə keçiriləcək.

“Bildiyiniz kimi, 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Xəzər-Qara dəniz regionunun neft və qeyri-neft sektorunun inkişafına təkan verən “Əsrin müqaviləsi” imzalanıb. Xəzərin enerji resursları hesabına Avropanın enerji təhlükəsizliyinin təminatının əsası da məhz o zaman qoyulub. Bununla əlaqədar olaraq hər il eyni vaxtda “Caspian Forum Baku” təşkil ediləcək. “Caspian Energy Forum Baku-2018”-in təşkili “Caspian European Club”-un yuxarı rəhbərliyinin yaratdığı yeni şərait sayəsində mümkün olub”,-deyə T.Əliyev söyləyib.

“Caspian Energy Forum Baku–2018”-in deleqatları sırasında Azərbaycan Hökumətinin üzvləri, Avropa, Asiya və Amerika ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin ərəb dünyası ölkələri şirkətlərinin nümayəndələri də yer alıblar.

T.Əliyev əlavə edib ki, tədbirin proqramı, iştirakın şərtləri ilə bağlı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/baku2018/index.php/en/ linkinə daxil olmaq lazımdır.

“Caspian European Club” 2002-ci ilin iyun ayında Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Kluba daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”-un, “Caspian American Club” və “Caspian Asian Club”-a daxil olanlar isə “Caspian European Club”-un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən adıgedən klub neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə