Azərbaycan və Koreya astronomları sıx fəaliyyət göstərəcəklər

Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyunun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.

Rəsədxanadan SİA-ya verilən xəbərə görə, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovla görüşdə qonaqlara rəsədxanada aparılan elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və teleskopların müşahidə imkanları haqqında geniş məlumat verilib.

Həmçinin Cənubi Koreya Respublikasının astronomları ilə daha da sıx əlaqələrin yaradılması, ŞAR teleskoplarında birgə müşahidələrin təşkili və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar ŞAR-ın 2 metrlik teleskopu və Astronomiya muzeyi ilə tanış olublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə