“Bəhailiyin teoloji əsasları” FOTOLAR

Avqustun 10-da Azərbaycan İlahiyyat İnstitutunda "Bəhailiyin teoloji əsasları" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan İnstitutun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin din siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olduğunu, din sahəsinə xüsusi qayğı göstərildiyini vurğulayıb. C.Məmmədov Respublikamızda müxtəlif dini konfessiyaların öz ayinlərini sərbəst icra edə bilmələri üçün tam şərait yaradıldığını, bir çox müsəlman və qeyri-müsəlman dini icmalarının dövlət qeydiyyatına alındığını, Azərbaycanın müxtəlif dini təriqətlərin və cərəyanların yayıldığı tolerant bir ölkə olduğunu bildirib.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunda təşkil edilən seminarların əhəmiyyətindən danışan rektor, gələcəkdə də bu cür tədbirlərin mütəmadi keçiriləcəyini qeyd edib.

Bəhailiyin tarixi haqqında ətraflı məlumatı isə seminarın mühazirəçisi, Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Azər Cəfərov verib. O, Bəhailiyin yayıldığı areal barədə danışarkən, bir sıra tədqiqatçıların bu etiqadla bağlı fikirlərini qonaqların diqqətinə çatdırıb. Onun sözlərinə görə, Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində yayılıb. "Britanika" ensiklopediyasının məlumatına əsasən coğrafi yayılmasına görə, dinlər aşağıdakı sıraya malikdir: Xristianlıq (254 ölkə), Bəhai dini (234 ölkə), İslam (174) və Buddizm (68). A.Cəfərov həmçinin bildirib ki, artıq XIX əsrin 60-70-ci illərindən sonra Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərməyə başlayıb. Lakin sovet dövründə bəhai icmalarına ciddi qadağalar tətbiq edilib. Respublikamız müstəqillik əldə etdikdən sonra "Dini Etiqad Azadlığı" haqqında Azərbaycan Respublikası Qanunun qəbulu, bəhai icmalarına sərbəst fəaliyyət üçün şərait yaradıb. 90-cı illərin əvvəllərində Bakı, Sumqayıt, Balaxanı,

Gəncə, Naxçıvanda Yerli Şuralar, 1992-ci ildə isə Azərbaycan bəhailərinin I Qurultayında Milli Şura yaradılıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...