"DOST sosial problemlərinin daha da yaxından öyrənilməsinə xidmət edəcək" ÖZƏL- EKSPERT RƏYİ

“Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) yaradılması təqdirə layiq və sosial sahəyə göstərilən diqqətin bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, ölkəmizdə sosial sahədə görülən işlərin elmi əsaslar əsasında həyata keçirilməsi üçün DOST-un yaradılmasına ehtiyac var idi.

Onun sözlərinə görə, hazırda qarşıda duran məsələ agentliyin ciddi , müasir elmin tələblərinə uyğun şəkildə qurulmasıdır: “Çünki, DOST-un arzu etdiyimiz kimi fəaliyyət göstərməsi, Azərbaycanda sosial təminat, məşğulluq və digər qarşıya qoyulan məsələlərin elmi əsaslarla fəaliyyətində ciddi irəliləyişlərə səbəb olacaq. Agentlik aztəminatlı əhali ilə bağlı informasiyaları toplamaq, sosial araşdırma aparmaq, ciddi elmi fəaliyyət proqramlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edəcək ki, bu da əhalinin sosial problemlərinin daha da yaxından öyrənilməsinə xidmət edəcək”.

DOST-un regional bölmələrinin yaradılmasının vacibliyini qeyd edən sosioloq söyləyib ki, bu, regionlar üzrə diferensial yanaşmaya kömək edə bilər: “Burada əsas məsələ məlumatları düzgün toplamaq, onları müasir imkanlarla və nəticələrə uyğun təhlil etməkdir. Bildiyiniz kimi, ölkəmizdə bu sahədə elektron sistemə önəm verilir. Lakin bizdə problem qərarların qəbul edilməsində idi. Bu sahədə arzu olunan şəkildə qərarların qəbul edilməməsi, ölkə başçısı, insanlar, ictimai təşkilatlar tərəfindən narazılıqlara səbəb olurdu. Dövlət başçısının fərmanı əsasında yaradılacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”n məqsədi də məhz bu problemlərin həllinə yönəlib. Hesab edirəm ki, DOST öz fəaliyyəti ilə ölkəmizdə sosial xidmət sahəsində mövcud olan çatışmazlıqların tam şəkildə aradan qaldırılmasına öz mühüm töhfəsini verəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...