Azərbaycan-Fransa əməkdaşlığı yeni inkişaf mərhələsində TƏHLİL

Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verəcək

Azərbaycan Prezident İlham Əliyevin iyulun 19-20-də Avropada növbəti səfərini Fransaya etməsi həm iqtisadi, həm də siyasi baxımdan əlamətdar hadisə kimi dəyərləndirilir. Bu səfər, onu göstərdi ki, Fransanın timsalında Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanın xarici siyasətində Fransa ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Fransa ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Prezident İlham Əliyevin Fransaya səfəri strateji xarakter almış münasibətlərin sürətli inkişafına yeni impuls verəcəyi şübhə doğurmur.

Onu da vurğulamaq yerinə düşər ki, 1991-ci il dekabrın 31-də Sovet İttifaqının süqutu elan ediləndən 3 həftə sonra Fransa, rəsmi olaraq, Azərbaycanın müstəqilliyini tanımışdı. Belə bir qərarı Türkiyədən sonra qəbul edən Fransa 1992-ci il martın 19-da Bakıda öz səfirliyini açmışdı. Avropanın inkişaf etmiş dövlətlərindən biri olan Fransa həmin tarixdən başlayaraq, Azərbaycanla siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı davam etdirsə də, bu münasibətlərdə soyuqluq olmuşdur. Yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkələr arasında münasibətlər yaxşılığa doğru dəyişməyə başlamışdır. Bu uğurlu siyasətin davamçısı Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra ilk xarici və rəsmi səfərini Fransaya etmişdi. O zamandan bu günədək prezident, nazirlər və seçkili orqanlar səviyyəsində ikitərəfli səfərlər davam etdirilməkdədir.

Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfərə gələn dövlət başçımız fransalı həmkarı ilə müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyini bildirmiş, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransa Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə etmişdir.

Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla telekommunikasiya, şəhərsalma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlığı getdikcə möhkəmlənir. Hazırda respublikamızda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və ticarət dövriyyəsi getdikcə artır. Fransız müəssisələri neft və neft məhsullarının istehsalı ilə yanaşı, bank, elektrik enerjisi və ətraf mühitin qorunması və istehlak malları sektorlarında fəaliyyət göstərir. Həmin müəssisələrin bir qismi, həmçinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildir.

Qısamüddətli olsa da, səfər çərçivəsində, demək olar ki, bütün sahələri əhatə edən görüşlər keçirilib. Prezident İlham Əliyev Fransanın 11 ən nüfüzlu şirkətinin rəhbəri ilə görüşüb və bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığını da vurğulamışdır. Səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasında dinamik inkişaf edən siyasi-iqtisadi əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxaracağı şübhə doğurmur.

Prezident İlham Əliyevin uğurlu Fransa səfəri və Ermənistana növbəti zərbə

Prezident İlham Əliyevin Fransaya səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi oldu. Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidentinin iyulun 20-də Fransanın Prezidenti Emmanuel Makron ilə keçirdiyi görüşlərin və apardığı danışıqların ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün geniş imkanlar olduğunu vurğulayıb. E.Nəsirov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi ilə bağlı iki dövlət prezidentləri arasında aparılan müzakirədə Fransanın bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini dəstəklədiyini söyləyib: "Fransa prezidenti, eyni zamanda, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrı əsasında tənzimlənməsində maraqlıdır. Bu qətnamələrdə, məlum olduğu kimi, söhbət Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasından gedir. Faktiki olaraq, Fransa Prezidenti rəsmi Parisin münaqişənin həllində hansı prinsiplərə üstünlük verdiyini nümayiş etdirdi. Makron, bir daha qeyd etdi ki, o özü bu tənzimləmə prosesinin həyata keçirilməsində olduqca maraqlı tərəfdir. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir, eyni zamanda, Fransa prezidentinin məlum yanaşması Azərbaycan tərəfinin diplomatik uğuru kimi də dəyərləndirilə bilər.

Milli Məclisin deputatı Musa Qasımlı Prezident İlham Əliyevin Fransaya səfərinin iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcəyini vurğulayıb: "Hesab edirəm ki, Azərbaycan-Fransa münasibətlərinin geniş perspektivləri və böyük potensialı var. Prezident İlham Əliyevin Fransaya səfəri həmin potensialı hərəkətə gətirəcək və iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək. Çünki Fransa, hər şeydən əvvəl, dünyanın aparıcı dövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədri, dünyanın "böyük yeddi"lərindən biridir. Elə bu amillər səfərin necə böyük əhəmiyyət daşımasının göstəricilərindəndir".

Siyasi ekspert Elçin Mirzəbəyli Azərbaycan Prezidentinin Fransaya səfərinin böyük əhəmiyyətə malik olduğunu deyərək, bildirib ki, Fransanı Azərbaycanın maraqları baxımından önəmli edən məqamlardan biri də burada çoxsaylı erməni diasporunun mövcudluğu və onların uzun illər boyu ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyası, Fransa-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan münasibətlərinə zərbə vurmaq niyyətləridir: "Lakin erməni diasporu və lobbisinin apardığı total qarayaxma kampaniyasına və çoxsaylı təxribatlara baxmayaraq, Azərbaycan, nəinki qarşılıqlı münasibətlərin inkişafına mane ola biləcək amillərin aradan qaldırılmasına, hətta əlaqələrin strateji tərəfdaşlıq perspektivi vəd edən müstəviyə qədəm qoymasına nail olub".

Göründüyü kimi, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından, olduqca uğurlu bir səfər olmaqla yanaşı, Ermənistan rəhbərliyinin apardığı yalançı və işğalçılıq siyasətinə güclü bir zərbə oldu.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə