Bir neftçinin ömür yolu - Hacı Cəfərov - 84

Bu gün Cəfərov Hacı Abbasəli oğlunun 84 yaşı tamam olur. Keşməkeşli ömür yaşayan H.Cəfərovun ömür yoluna diqqət edərkən onun hansı çətinliklərə sinə gərdiyini, ruhdan düşmədiyini, Vətəninə, elinə, obasına layiq övlad olmaq üçün əsl fədəkarlıq etdiyinin görmək olur.

Cəfərov Hacı Abbasəli oğlu 1934-cü ildə Qazax rayonunun Xeyrimli kəndində anadan olub. Uşaqlığı çox çətin keçib, ağır müharibə illəri onun həyatında sağalmaz izlər qoyub. Atası müharibəyə gedib və geri dönməyib. Hacı anasını da erkən itirib. Evin böyüyü Hacı olduğu üçün bütün ağırlıqlar da onun üstünə düşüb. Uşaqlığı çətin keçib.

Hacı Cəfərov göndərişlə Razindəki (indiki Bakıxanov qəsəbəsi) fəhlə məktəbində oxumağa gedib. Oranı bitirəndən sonra təyinatla “Buzovnaneft”ə işə düzəlib. 1955-ci ildə isə “Abşeronneft” Qazçıxarma İdarəsində buruqçu köməkçisi, buruqçu, usta işləyib. Uzun müddət bu sahədə çalışması ona böyük təcrübə qazandırıb.

Təbii ki, Hacı Cəfərov fəaliyyəti dövründə bir neçə qəzanın, təhlükəli anların da şahidi olub. Hətta 1969-cu ildə dənizdə qəzaya da düşüb və sonradan fəaliyyətini davam etdirib.

Sonra fəhlə təchizatı şöbəsində, nəqliyyat sexində ekspeditor, dispeçer, qaraj müdiri olub. Hacı Cəfərov istehsalatdan ayrılmadan Neft Texnikumunda təhsil alıb.

Pirallahı qəsəbəsinin ictimai həyatında yaxından iştirak edən H.Cəfərov bu yaxınlarda Yeni Azərbaycan Partiyasının fəxri Fərmanına layiq görülüb. Qəsəbəbib Ağsaqqallar Şurasının üzvüdür. Bütün rayon tədbirlərində iştirak edir, Vətənini, insanları çox sevir.

Biz də Səs İnformasiya Agentliyi olaraq qocaman neftçini, el ağsaqqalını - Hacı Cəfərovu anadan olmasının 84 illiyi münasibətilə ürəkdən təbrik edir, ona həyatın ən şirin neməti olan cansağlığı arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə