22 iyul Milli Mətbuat və Jurnalistika günüdür

Milli Mətbuat günü ərəfəsində 79 il öncə Ərkivanda jurnalist ailəsində dünyaya göz açmış Cəmil Nemətovla görüşüb, “Yeni həyat” qəzetinin tarixinə azacıq da olsa nəzər salmağa çalışdım:

– 1932-ci ildə Masallı rayon Partiya Firqəsinə rəhbərlik edən Minşiyevin (bəziləri Mişov deyir) imzası (məsul redaktorluğu) ilə dərc edilən “Yeni həyat” qəzetinin bütün məsuliyyəti atam Nemət Nemətovun üzərinə düşmüşdü. Sonradan o, bu qəzetin məsul katibi, redaktor müavini və redaktoru olmuşdur. Atamla yanaşı “Yeni həyat”ın araya-ərsəyə gəlməsində, onun hər sayının gözəl tərtibatla hasilə gətirilməsində məsul katiblər Münəvvər Əhmədova, Mölə Allahverdiyev və onun həyat yoldaşı çapçı Cəvahir Axundova, mürəttiblər Sahib Nəcəfov, Şaban Şirəliyev, Əmiş Nemətov, Abdurrəhman Xıdırov, linotipçilər Nizam Şirəliyev, Səhri Məcidova, fəal müxbirlərdən Səfər Şərifov, Fatma Baxşiyeva, Cabbar Rəsulov, Rəhim Tağıyev və başqalarının adını çəkməmək insafsızlıq olar. Mənim də həyatımın bir hissəsi qəzetlə bağlıdır.

Şagirdlik illərində qəzetdə kiçik məqalələrlə çıxış edirdim. Yaradıcılıq qabiliyyətimi görən atam buna çox sevinirdi. Ümumiyyətlə, o, bacarıqlı, yaradıcı insanların bir araya gəlməsinin təşəbbüskarı idi. Məmməd Kazım, Xanəli Ağayev , Novruz Abdullayev (Novruz Xoşbəxt), Rahib Fərəcov kimi onlarca gənc yazarın redaksiya nəzdində yaradılmış ədəbi dərnəyə cəlb edilib, sağlam ədəbi mühitdə püxtələşməsində böyük əməyi olmuşdur. Mənim bu peşəyə yiyələnməyimin səbəbkarı məhz atam olmuşdur.

Taleyimi də jurnalistika ilə bağladım. Hərbi xidməti başa vurub fasilələrlə rayon rabitə şöbəsində və mərkəzi kitabxanada işləyə-işləyə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil oldum. Buna kimi imzam oxuculara tanış idi.

“Yeni həyat” qəzetinin müvəqqəti nəşri dayandırıldığı dövrdə – 1964-cü ildə Masallıda yaradılan yerli radio verilişləri redaksiyası beş cənub rayonunun ictimai həyatını əks etdirən “Leninçi” qəzetinin tabeliyində idi. Sonralar “Çağırış” qəzetinin redaktoru olmuş Vaqif Hüseynov Lənkəranda məsul katib kimi çalışırdı. Əməkdaşı olduğum radio redaksiyasına o vaxtlar gözəl şairimiz, mərhum yazıçı Məmməd Kazım rəhbərlik edirdi. O, Bakı şəhərinə köçdükdən sonra rayon partiya komitəsi tərəfindən yeni redaktor seçmək üçün müsabiqə elan olundu. On beşə yaxın gənc jurnalistin qatıldığı bu seçimə hazırladığım “Çayçıların qələbəsi” adlı radio-material birinci yerə layiq görüldü. Redaktor vəzifəsinə işə götürüldüm. Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra bir müddət 3 nömrəli rayonlararası tikinti trestində həmkarlar komitəsinin sədri vəzifəsində şalışsam da, bu sevimli peşəmdən ayrılmadım. Məncə erkən çağlardan fəhm etdiyin sənəti qoruya bilmək qabiliyyəti özü də bir sənətdir.

Onu deyim ki, dünyasını dəyişmiş böyük qardaşım Zabil müxtəlif vəzifələrdə çalışmağına rəğmən ailə ənənələrini pozmayıb. Hazırda Bakıda yaşayan qardaşım Mahir də ata sənətinə sadiqdir. Dövri mətbuatda öz dəsti-xətti ilə seçilən müəllifdir.

Bu gün, zövqlərin zənginləşdiyi bir zamanda milli mətbuatımızın layiqli xələfi – “Yeni həyat” qəzetinə yaradıcılıq uğurları arzulayıram. Oxuculara isə tövsiyəm budur ki, maariflənmə və tərəqqi yolunda bu sənətin ağır yükünü çiynində daşıyanlara arxa olaq, həyan duraq.

Akif AĞAYEV, “Yeni həyat” (Masallı) qəzetinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə