Məcburi köçkün uşaqlar yay məktəbində iştirak ediblər

“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Cəbhə bölgəsində yaşayan məcburi köçkün uşaq və yeniyetmələrin sosial inteqrasiyası məqsədilə yay məktəbinin təşkili” layihəsini həyata keçirir. Layihənin məqsədi cəbhəyanı bölgələrdə yaşayan uşaq və yeniyetmələrin ictimai fəallığını artırmaq, asudə vaxtlarının səmərəli təşkili ilə sosial inteqrasiyası və təhsilə marağı təbliğ etməkdir.

İctimai Birlikdən SİA-ya bildiriblər ki, layihə çərçivəsində “Sosial fəaliyyət və effektiv kommunikasiya” mövzusunda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Biləsuvar və Füzuli rayonları ərazisindəki məcburi köçkün qəsəbələrində və Ağdam rayonunun Quzanlı qəsəbəsində uşaqların və pedaqoji heyətin iştirakı ilə seminarlar keçirilib. Seminarlar başa çatdıqdan sonra seçilmiş 30 məcburi köçkün uşaq və yeniyetmənin iştirakı ilə iyulun 15-dən 17-dək Göygöl rayonundakı Olimpiya İdman Kompleksində üç günlük yay məktəbi təşkil olunub.

Təşkilatın sədri Jalə Teymurlu bildirib ki, yay məktəbi məcburi köçkün qəsəbələrində yaşayan uşaq və yeniyetmələrin şəxsi inkişafına, sosiallaşmasına stimul verəcək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirəcək, təhsilə marağının artmasına şərait yaradacaq. Layihə, həmçinin məcburi köçkün uşaqlar və yeniyetmələr arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə, sosial inteqrasiyanın həyata keçirilməsinə, zərərli vərdişlərdən uzaq olmasına və yeni dostlar qazanmasına imkan yaradacaq.

Layihənin eksperti Zaur Quliyev tərəfindən uşaq hüquqları, fərdi inkişaf, kommunikasiya və ünsiyyət, məcburi köçkün icmalarında gender münasibətləri, sağlam həyat tərzinin təbliği, narkomaniya və zərərli vərdişlərlə mübarizə məsələləri müzakirə edilib. Uğur qazanmış idmançılarla, gənclərlə yay məktəbinin iştirakçılarının görüşləri təşkil olunub, müxtəlif qrup işləri, rol oyunları keçirilib.

Yay məktəbi çərçivəsində iştirakçıların Göygöl Tarix Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Göygöldəki Alman Kilsəsinə və Göygöl Milli Parkına səfərləri təşkil olunub, maraqlı idman yarışları keçirilib.

Sonda yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə