SHXÇDX-də milli mətbuat günü qeyd olunub

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan milli mətbuatının 143-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək, milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb.

Z.Abdullayev bildirib ki, Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindən biridir. Z.Abdullayev Ulu Öndər Heydər Əliyevin reallaşdırdığı islahatlar nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst inkişafına əlverişli şəraitin yaradıldığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən jurnalistlərin sosial və digər problemlərinin həlli istiqamətində ardıcıl layihələr həyata keçirilir.

Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında daimi əməkdaşlıq münasibətlərinin formalaşdığını və uğurla davam etdiyini vurğulayaraq, mətbuat nümayəndələrinə müstəqil Azərbaycanımızın inkişafı naminə şərəfli və çətin fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Tədbirin sonunda Xidmətlə yaxından əməkdaşlıq edən jurnalistlərə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplomlar təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə