“Dövlət və din modeli” adlı tədbir keçirilib - FOTOLAR - SƏS TV

Yeni Azərbaycan Partiyasının qərargahında “Dövlət və din modeli” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və YAP Gənclər Birliyinin təşkil etdiyi tədbirdə dini dəyərlərin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi və maarifçilik işinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

DQİDK-nin şöbə müdiri Amil Cavadov bildirib ki, din mövzusu ilə bağlı gənclər arasında maarifçilik işlərinə xüsusi əhəmiyyət verilir. Onun sözlərinə görə, Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərdən və məzhəblərdən olan insanlar azad şəkildə öz ibadətlərini həyata keçirirlər. A.Cavadov qeyd edib ki, təəssüf ki, Azərbaycanda mövcud olan dini əmin-amanlığı pozmağa cəhd edən qüvvələr var: “Amma buna baxmayaraq, inanırıq ki, sağlam düşüncəli vətəndaşlarımız bu məkrli siyasətin həyata keçirilməsinə imkan verməyəcək, bu sahədə fəal olacaqlar. Hər bir Azərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır”

Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov gənclərlə aparılan maarifçilik işindən danışıb. O deyib ki, bu istiqamətdə bir sıra işlər görülüb və din tarixi, həqiqi inanc anlayışları ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.

Fond rəhbəri qeyd edib ki, Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerant və multikulturalizm kimi ülvi dəyərlər dayanır.

Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev isə qeyd edib ki, Azərbaycanda dünyəvi ənənələr güclüdür, dini təməlçilik cəmiyyətimiz üçün yaddır. O da bir həqiqətdir ki, xalqımız milli-mənəvi dəyərlərinə, İslam ənənələrinə hər zaman hörmətlə, sədaqətlə yanaşıb. Azərbaycan xalqı ən çətin və ağır tarixi dövrlərdə dini ənənələrini qoruyaraq günümüzədək gətirib çıxarıb. Eyni zamanda, insanlarımız şəriət dövlətinin qurulmasına və şəriət hökmlərin tətbiqinə çağıran, başqa inanc sahiblərinə dözümsüz yanaşan ideologiyaları qəbul etməyib. C.Əliyevin sözlərinə görə, bu gün də kənardan ölkəmizə idxal olunmasına çalışılan belə ideologiyalar qətiyyətlə rədd olunur.

Tədbir müzakirələrlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə