YAP media nümayəndələrini mükafatlandırdı - FOTOLAR - SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Mətbuat günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və media nümayəndələri iştirak ediblər.

YAP Sədrinin müavini, icra katibi Ə.Əhmədov çıxış edərək media nümayəndələrini təbrik edib. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası mətbuatın fəaliyyətinə böyük önəm verir: "Azərbaycan dövləti tərəfindən mətbuata böyük diqqət göstərilir. Azərbaycanda mətbuat nümayəndələrindən ibarət böyük ordu formalaşıb. Mətbuatımız da fəaliyyətində hər zaman dövlətçilik dəyərlərini əsas tutur".

YAP Sədrinin müavinin sözlərinə görə, sosial media bu gün mətbuat qarşısında ciddi çağırışlar qoyur: "İndi hər kəs sosial şəbəkə vasitəsilə məlumat yayaraq mətbuatın bir hissəsinə çevrilir. Bütün bunlar mətbuat qarşısında ciddi çağırışlar qoyur".

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir və bu özünü mətbuat azadlığı sahəsində də göstərir: "Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir ki, bu da ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyik ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə təxribatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər. Çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq-iqtidar birliyi var".

Sonra media nümayəndələri Milli Mətbuat Günü ilə bağlı mükafatlandırılıb.

Qeyd edək ki, "Səs" İnformasiya Agentliyinin redaktoru Elgün Vidadioğlu və "Səs" qəzetinin xüsusi müxbiri Rövşən Rəsulov da mükafat alanlar sırasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...