AMEA-nın Naxçıvan Bölməsində qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib

АMEА Naxçıvan Bölməsində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasının yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib. Bölmədən SİA-ya verilən xəbərə görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında mühüm tədbirlərin həyata keçirildiyini, son illər iqtisadi potеnsialın artdığını, insanların yaşayış səviyyəsinin yüksəldiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq ilk yeri tutması muxtar respublikada aparılan davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir.

Alim beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin iqtisadiyyatımızı müəyyənləşdirən proqram xarakterli məruzəsində Naxçıvan Bölməsinin əməkdaşlarının qarşısına mühüm vəzifələr qoyduğunu vurğulayıb. Bildirib ki, bölmə elmi tədqiqatların səmərəliliyini artırılmalı, təbii sərvətlərdən faydalı istifadə imkanlarını diqqətdə saxlamalı, muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfəsini verməlidir.

Tədbirdə bölmənin elmi müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatların və eləcə də elmi-təşkilati işlərin nəticələrindən də bəhs edilib. Qeyd olunub ki, bölmədə 2018-ci ilin birinci yarısında 6 elmi istiqamət üzrə 7 mövzunu əhatə edən 36 iş 84 mərhələdə yerinə yetirilib. Bölmə əməkdaşlarının 455 elmi əsəri (14 monoqrafiya, 10 kitab, 305 məqalə, 123 konfrans materialı, 3 tezis) nəşr olunub. Elmi məqalələrdən 11-i impaktfaktorlu jurnallarda işıq üzü görüb.

Akademik İ.Hacıyev Naxçıvan Duz Muzeyinin açılış mərasimində Ali Məclis Sədrinin Naxçıvan duzunun tərkibi, o cümlədən “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırıqlarından irəli gələn vəzifələrin yerinə yetirildiyini bildirib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli rəhbərlik etdiyi müəssisənin əməkdaşlarının Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı təşkil edilən nümunəvi dərslərdə, o cümlədən tarixi abidələrin qorunmasında yaxından iştirak etməli olduğunu vurğulayıb.

Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov isə çıxışında institutda aparılan tətbiqyönümlü elmi işlərin vəziyyəti ilə bağlı məlumat verib.

Sonra Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin rəhbəri, professor Əliyar İbrahimov bir sıra təkliflərlə çıxış edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...