Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Fizuli, Ağdam və Ağcabədi rayonlarından olan 20 vətəndaşı qəbul edib.

Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb edilərək həqiqi hərbi xidmətə göndərilməsi və digər məsələlərlə bağlı olub.

General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Müraciətlərdə qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə