Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsi təmin ediləcək

Dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur və hər kəs bu işdə məsuliyyətli olmalıdır. Azərbaycan dili milli müstəqilliyin, suverenliyin, istiqlalın və Azərbaycan ideologiyasının əsaslarından biri olduğundan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək, xalqa təqdim olunub. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış və üzləşdiyi problemlərlə qarşılaşmışdır. Xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı və daim qayğı ilə əhatə etməlidir. Azərbaycan dili bu gün planetimizin 70-dək ölkəsində yaşayıb-yaradan 60 milyonluq xalqın dili kimi formalaşıb. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cü ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir" - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşınadığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi. Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanları, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", eləcə də, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində digər normativ-hüquqi aktlar, həmçinin tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.

Bu sahəyə aid digər sərəncamlar ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilini inkişafına töhfələrini verir. Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", eləcə də, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.

Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Belə bir zamanda dövlət başçısının 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı dilə olan qayğının daha bir təzahürüdür. Sənədə əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması" layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək. Bu Sərəncam 2018-ci il avqustun 1-dən qüvvəyə minir. Sərəncamın 1-ci hissəsinə əsasən, təqdim olunacaq təkliflər beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndiriləcək. "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması" layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə, icra mexanizmlərinə dair təklifləri və layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Sərəncam müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatarlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədi daşıyır. Bu gün ölkəmizdə yüzlərlə əcnəbi təhsil alır və belə bir zamanda ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq məqsədi ilə tədbirlər həyata keçirilir. Dövlət başçısının imzaladığı Sərəncam əcnəbilərin ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək, o cümlədən, ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə geniş imkanlar yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə