Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsi necə təmin ediləcək? MÜTƏXƏSSİS RƏYİ- EKSKLÜZİV

Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığı təmin ediləcək. Sərəncam irəli gələn işlər haqqında SİA-ya açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli bildirib ki, Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün elektron dərsliklər yaradılacaq.

"Sərəncam Azərbaycan dilinin genişləndirilməsinə töhfə verəcək"

Hazırda dilçilik institutunda bununla əlaqədar işlərə başlandığını deyən direktor müavini söyləyib ki, sərəncam Azərbaycan dilinin genişləndirilməsi və inkişafına mühüm töhfə verəcək: “Sərəncam Xarici İşlər Nazirliyi ilə AMEA üzərinə əcnəbilərə Azərbaycan dilinin öyrədilməsi işinin əməli səviyyəsinə keçidini təmin edir. İndiyə qədər AMEA-nın bu istiqamətdə səlahiyyətləri məhdud idi, lakin bu sənəd müxtəlif nazirliklərlə birgə əcnəbilərə dil öyrətmək üçün imkanlarımızı genişləndirməyə şərait yaradacaq. Artıq bundan sonra Xarici İşlər Nazirliyi, səfirliklərlə birbaşa iş aparılacaq ”.

"Hazırda AMEA Dilçilik İnstitutunda "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi üzərində iş aparılır.

Baba Məhərrəmli vurğulayıb ki, institutun tərkibində fəaliyyət göstərən xüsusi şöbə tərəfindən “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi üzərində iş aparılır: “Belə ki, müxtəlif səviyyələr üzrə həm elektron, həm də əyani dərsliklər hazırlanacaq. Dərsliklər hazırlandıqda əcnəbilərin dil bilgiləri mütləq şəkildə nəzərə alınacaq”.

"İşlərin 2021-ci ilə qədər yekunlaşması nəzərdə tutulur"

İşlərin yekunlaşmasına gəldikdə institutun direktor müavini qeyd edib ki, proses uzun müddət tələb etsə də, dövlət başçısının müvafiq sərəncamı işləri daha da sürətləndirəcək: “Əslində bu uzun müddətli prosesdir. Layihənin 2021-ci ilə qədər reallaşdırmağı nəzərdə tutsaq da, sərəncam bu işlərin daha tez müddətdə başa çatmasına geniş imkanlar yaradacaq”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamdan irəli gələn məsələlərin təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlər Kabineti təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirməli və “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq prezidentə təqdim etməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə