Gəncədə şəhid olan polis zabitlərinin anım mərasimi keçirilib

Gəncədə şəhid olan polis zabitlərinin anım mərasimi keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, anım mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüllislam Allahşükür Paşazadə və Dini Qurumılarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.

İmamzadə Dini Kompleksində keçirilən anım mərasimindən öncə bütün Qafqazın şeyxi din xadimləri ilə birlikdə vəhdət namazı qılıb. Ardından mərasim zalında din xadimləri, ziyalıların, sadə şəhər sakinlərinin iştirakı ilə görüş keçirilib. Allahşükür Paşazadə çıxış edərək bildirib ki, Gəncədə baş verənlər terror aktıdır və dövlətə qarşı olan cinayətdir.

“Prezident İlham Əliyevin Gəncəyə xüsusi sevgisi və diqqəti var. İmamzadə ziyarətgahının belə möhtəşəm şəkildə yenidən qurulması bunu bir daha sübut edir. İmamzadə kompleksi ölkəmizdəki dini ibadətgahlardan sadəcə biridir. Götürək Bibiheybət məscidini, Hacı Cavad məscidini və s. Bir vaxtlar 17 məscidi olan Azərbaycanın hazırda 2 minə yaxın məscidi var. Bu, dövlət başçımızın mənəvi həyata, islama verdiyi diqqətin bariz nümunəsidir. Bu il ölkəmizdə "İslam həmrəyliyi ili" elan olundu. Mən Mübariz müllimlə bir çox xarici səfərlərdə oluruq. Bu gün müsəlman dövlətləri eləcə də, Avropada Azərbaycanın böyük nüfuzu var. Nəyə görə? Ona görə ki, Azərbaycanda demokratiya, söz azadlığı var, dini əqidəyə hörmət, məscidlərimizdə ibadətlərin düzgün aparılması ənənəsi var. Bu, bizim üçün böyük nemətdir. Qarayaxma etmək istəyən bəzi adamlara sual vermək istəyirəm. Qarayaxma ilə məşqul olanalar nə ediblər bu xalq üçün, dövlət üçün. Bu gün Azərbaycanda dini heç bir maeəçilik yoxdur, dövlət və din xadimlərinə hər bir şərait yaradılıb. Biz din adamları baş verən terror hadisəsinin əlehinəyik və belə hadisələri lənətləyirik. Bu, din pərdəsi altında, ermənilərin əli ilə Azərbaycanda həyata keçirilən çirkin bir əməldir. Bu hadisələri törədənlər ermənilərlə əlbirdirlər. Bu cür hadisələr ancaq Azərbaycan xalqının əleyhinə getməkdir. Bir daha deyirəm, Gəncədə baş verənlər terror hadisəsidir və inanırıq ki, cinayəti törədənlər öz cəzalarını çəkəcəklər. Biz haqq yolundayıq və haqq yolundan bizi heç kim döndərə bilməz”.

Anım mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. Vurğulayıb ki, Gəncədə baş verən hadisələrə dövlət tərəfindən çox sərt reaksiya verildi. Hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən terror aktını törədənlərin həbs olunduğu və istintaqa cəlb olunduğu bildirilib: “İlkin məlumatlar onu göstərir ki, terror aktının arxasında din pərdəsi altında gizlənən kriminal elementlər durur. Ssenarini hazırlayanların əsas məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır. Gəncəbasar bölgəsindən bu ssenarini həyata keçirmək istəyənlər, onların icraçıları tam iflasa uğradılar. Möhtərəm prezidentimiz İlham Əliyev məsələ ilə bağlı keçirdiyi müşavirədə məsələyə tam hüquqi-siyasi qiymətini verdi. Bu cür cinayəti törədənlərin islama, müsəlmançılığa heç bir aidiyəti yoxdur. Cinayətkarlar ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəklər. Bu gün ölkəmizdə dövlət-din modeli var. Bu model Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konustitutyasında öz əksini tapıb. Azərbaycan dünyəvi dövlətdir və bununla yanaşı dinimizə böyük diqqət göstərilir. Azərbaycan xalqının 96 faizi islam dininin daşıyıcısıdır. Bizim ölkəmizdə bütün xalqlara, dinlərə böyük hörmətlə yanaşılır. Ona görə də Azərbaycanın tollerant və multikultral dəyərləri həm müsəlman dövlətlərinə, həm də bütün dünyaya örnəkdir. Ölkəmizdə dini müstəvidə, məzhəb məsələsində heç vaxt qarşıdurma olmayıb. Biz imkan verməməliyik ki, ölkəmizdə kimlərsə, hansına qruplar din pərdəsi altında cinayətlər törətsinlər, müstəqilliyimizə, dövlətçiliyimizə xələl gətirsinlər".

Mərasimin sonunda Gəncədə baş vermiş iğtişaşlarda şəhid olan polis zabitlərinin xatirəsinə ehsan verilib.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə