Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkünlərlə görüşdü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Dövlət Komitəsinin sədr müavinləri, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Binəqədi rayonu, 8-ci mikrorayonda Bakı Humanitar kollecinin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb. SİA-nın verdiyi məlumata görə, məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkən Rövşən Rzayev onların problemləri ilə yerində tanış olub, suallarını cavablandırıb.

Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını deyib. Bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır.

Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu söyləyən Dövlət Komitəsinin sədri daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlərin həyata keçirildiyini vurğulayıb.

Görüşdə digər rayon və şəhərlərdə də məcburi köçkünlərlə bu cür görüşlərin nəzərdə tutulduğu diqqətə çatdırıldı. Qeyd edilib ki, bu görüşün məqsədi məcburi köçkünlərin qayğıları ilə yaxından tanış olmaq, onların problemlərini daha dərindən öyrənməkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə