Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu

Gəncədə baş vermiş son hadisələrlə əlaqədar daha dörd nəfər həbs olunub. Hüquq-mühafizə orqanlarından SİA-ya verilən məlumata görə, həbs olunanlar Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov və Alim Yusifovdur.

Həbs edilmiş Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada təqsirləndirilir. C.Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə