Bu il 37 mindən çox şəxs işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin birinci yarımilində 37613 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3959 nəfər və ya 11,8 faiz çoxdur. Bu barədə SİA-ya Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Xidmətin xətti ilə 510 nəfər ödənişli əsaslarla ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan 1501 nəfər üçün Xidmət tərəfindən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. 69,2 min nəfər gənc isə əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə peşəyönümü tədbirlərinə cəlb olunub.

Dövlət Məşğulluq Xidmətinin əmək birjaları tərəfindən qısamüddətli iş üçün müraciət edən 1410 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.

Hesabat dövründə Xidmət tərəfindən ölkənin 10 rayon və şəhərində əmək yarmarkaları keçirilməklə, 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. Həmçinin 4 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi ilə aktiv tədbirlər təşkil olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə