Dövlətçilik əleyhinə çıxış edən media qurumlarına qarşı hansı mexanizmlər var?

“İnternet, sosial media açıq şəbəkə olduğu üçün bir çox məsələlərdə onlardan istifadə imkanları daha genişdir. Az bacarığı olanlar belə sosial şəbəkələrdən, bloqlar yaratmaq, müxtəlif sosial media resurslarından istifadə etməklə istədikləri məlumatı yaya və ya çağırışlar edə bilərlər. Amma bu o demək deyil ki, bunun qarşısını almaq mümkünsüzdür. Azərbaycanda artıq bu sahədə müəyyən təcrübə də var”. Bu fikirləri SİA-ya açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“Azərbaycanda aidiyyatı qurumlar qanuna zidd informasiyaları müəyyən edə bilirlər”

O bildirib ki, Azərbaycanda sosial mediada, internetdə yayılan qanuna zidd informasiyaların müəyyən olunması ilə əlaqədar məhkəmə çəkişmələri də olub: “Yəni aidiyyatı qurumlar bunu monitorinqlər, müxtəlif axtarış tədbirləri aparmaqla qanuna ziddi olan informasiyaları müəyyənləşdirə bilirlər. Bu təbii ki, peşəkarlıq, hüquq mühafizə orqanlarının əməkdaşlığını tələb edir. Oflayn mediaya baxanda burada kifayət qədər mürəkkəblik olsa belə, mümkünsüz heç nə yoxdur”.

“Dövlətçilik əleyhinə çıxış edən media qurumlarına qarşı mexanizmlər mövcuddur”

Ölkəmizdə istər yerli istərsə də xaricdən idarə olunan dövlətçilik əleyhinə çıxış edən media qurumlarına qarşı mexanizmlərin hazırlandığını deyən mərkəz direktoru söyləyib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərlə hansı hallarda internet resursların bloklana biləcəyi müəyyənləşib: “Xaricdən idarə olunan internet resurslarına Azərbaycan ərazisində fəaliyyətinə məhdudiyyət qoymaq mümkündür. Əgər hansısa resurs yerləşdiyi ölkənin dəstəyi ilə Azərbaycan qarşı məqsədyönlü şəkildə fəaliyyət göstərirsə, o zaman bunun qarşısını diplomatik yolla almaq mümkündür. İnternet resursların fəaliyyət göstərdiyi ölkələr orada Azərbaycana qarşı saytların yarandığından xəbərsiz də ola bilər. Lakin bununla bağlı Azərbaycan qanunvericiliyi var və əgər tələblər pozulubsa, o zaman hüquq mühafizə orqanları ölkəmiz ərazisində bu cür resursların müəyyən edilməsi və yayılmasının qarşısını ala bilər”.

“Domen və hosting verən qurumların şərtlərinə görə onlardan istifadə edənlər terrorçuluqla məşğul ola bilməzlər”

O.Gündüz qeyd edib ki, dünya təcrübəsində də dövlətçilik əleyhinə çağırış edən internet resurslarına qarşı cəza növləri var: “Belə ki, bunlara xəbərdarlıq, müvəqqəti məhdudlaşdırma, tamamilə bloklanma və digərləri daxildir. Dünyada da internetdə fəaliyyət göstərmək üçün domen, hosting alınmalıdır. Lakin domen və hosting verən qurumların özünün şərtlərinə görə, onlardan istifadə edənlər terrorçuluqla məşğul ola bilməzlər. İstənilən şəxsin əldə etdiyi domen dünyanın istənilən ölkəsində yerləşən kompüterin hostingində yerləşə bilər. Hostingi verən şirkətlərin də öz tələbləri var. O şərtlər pozulduqda həmin şirkətlər də hosting sahiblərini bloklaya bilərlər. Təcrübə göstərir ki, ölkələrdən həmin şirkətlərə müraciət olunanda onlar dərhal bu istiqamətdə ölçü götürürlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə