TUMİB Gəncə gəncləri ilə birlikdə “Terrora yox!” dedi FOTOLAR

Gəncədə şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı dövlət siyasətinin region gəncləri arasında təbliği” adlı layihə çərçivəsində konfrans keçirib.

Məhsəti Gəncəvi Mərkəzində reallaşan tədbirdə Azərbaycanın dövlət himni ifa olunub, iyulun 10-da Gəncə şəhərində şəhid olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov tədbir iştirakçılarını salamlayaraq, son günlər Gəncədə baş verən hadisələrə münasibət bildirib. O qeyd edib ki, Azərbaycan Respublikadakı sabitlik, iqtisadi inkişaf, mədəni tərəqqi bəzi xarici qüvvələri narahat edir. Bu səbəbdən də bəzi qüvvələr bu cür təxribatlara əl ataraq, ölkədə hökm sürən sabitliyi pozmağa çalışırlar. İyulun 10-da Gəncə şəhərində baş verən hadisələri də bu konteksdən qiymətləndirən TUMİB sədri, Azərbaycan xalqının ölkəmizin müstəqilliyini qısqanan xarici qüvvələrə layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Çingiz Bayramov qeyd edib ki, Azərbaycan xalqı Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyi üçün ölkəmizin müstəqilliyini hədəf alan bütün cəhdlər uğursuzluqla sonlanacaq.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətdən, ölkədə gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. AXC-nin 100 iliyi ilə bağlı maarifləndirici tədbilrərin əhəmiyyətindən danışan Müşviq Cəfərov, bildirib ki, bu qəbildən olan tədbirlər Gəncədə artıq bir neçə aydır ki keçirilir və il sonunadək davam edəcək. O, bildirilib ki, AXC-nin yaradılmasının 100 illiyi münasibəti ilə Gəncədə Xalq Cümhuriyyəti Müzeyi yenidən qurulub və orada bir sıra maraqlı arxiv materialları qorunub saxlanılır.

TUMİB heyətinin üzvü Seymur Verdizadə Azərbaycanda sağlam mənəvi mühitin mövcud olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma baş verməyib. Azrbaycanda müxtəlif xalqların nümayəndələri barış və dostluq içərisində yaşayır. S.Verdizadə, Azərbaycanda multikultural dəyərlərin qorunub saxlandığını və bunun gələcəkdə də bu cür davam edəcəyinə əmin olduğunu vurğulayıb.

TUMİB üzvü, Bakı Atatürk Liseyinin tarix müəllimi Müşfiq Əlizadə öz çıxışında AXC irsinə ətraflı işıq salıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, həmin dördə qəbul edilən qərarlar, umimilikdə 23 ay ərzində baş verən tarixi hadisələrə qısa nəzər salıb. Gəncənin AXC-nin tarixindəki rolundan və önəmindən söz açıb.

Çıxış edən TUMİB üzvü, yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev də AXC-nin tarixi ilə bağlı maraqlı faktlara diqqət çəkib. O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağınından, onun uzun illər ölkə hüdudlarından kənarda qorunub saxlanılmasından, AXC-nin 100 illiyi ərəfəsində isə Azərbaycana gətirilməsindən söz açıb. Bildirək ki, Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağının ökəyə gətirilməsində bilavasitə iştirak edib, bununla yanaşı o həmin dövrə aid bir çox arxiv materiallarını – əlyazma məktubları, tarixi sənədləri dövlət arxivinə təqdim edib.

Çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rzayeva AXC-nin yaradılmasının 100 illiyi münasibəti ilə baş tutan bu tədbirlərin önəmindən danışıb. O qeyd edib ki, bu cür tədbirlər tariximizin daha dərindən öyrənilməsi, mili-mənəvi dəyərlərimizin qorunması, xüsusi ilə də gənclər aarsında təbliğ edilərək, yaşadılması olduqca vacibdir. Gəncə - AXC-nin ilk paytaxtı olaraq böyük tarixi önəm daşıyır. AXC-nin siyasi varisi olan Müstəqil Azərbaycan günü-gündən inkişaf edir və təəssüf ki, bu gün ölkədə hökm sürən sabitliyi pozmağa çalışan bəzi qüvələr mövcuddur. Lakin xalq və dövlət bir olduqca, Azərbaycanda sabitlik pozulmayacaq.

Tədbirdən sonra, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin üzləri 10 iyulda Gəncədə baş verən ixtişada xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun məzarlarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə