Reabilitasiya Müəssisəsində uşaqlar üçün yoqa dərsləri keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində uşaqlar üçün yoqa dərsləri keçirilir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, məqsəd uşaqlar arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və sağlam həyat vərdişlərinin formalaşdırılmasıdır. Uşaqların yoqa dərsləri Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Klassik Yoqa Məktəbi”nin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının dəstəyi ilə təşkil edilir. Həftədə üç dəfə olmaqla xüsusi ayrılmış yoqa müəlliminin göstərişləri əsasında açıq hava şəraitində uşaqlar sistemli şəkildə yoqa hərəkətləri edirlər.

Baxımsızlıq, kimsəsizlik səbəbindən sosial təhlükəli vəziyyətə düşən uşaqlar bu müəssisəyə qəbul edildikdən sonra burada onların digər həmyaşıdları kimi normal həyat tərzinə malik olmaları, təlim-tərbiyə sistemi ilə əhatə olunmaları üçün bütün müvafiq işlər aparılır. Onların burada müəyyən ilkin yaradıcılıq bacarıqları qazanmaları üçün də məşğələlər keçirilir.

İndiyədək müəssisəyə 66 uşaq qəbul olunub, onların əksər qisminin reabilitasiyası təmin edildiyindən artq müəssisəni tərk ediblər. Hazırda isə burada 16 uşaqla stasionar şəraitdə reabilitasiya işləri davam etdirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə