Çaylarda suyun səviyyəsi azaldı

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara çaylarında 30-55, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 85 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 23 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 2, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 306 sm (2017-ci il iyulun 16-da 325 sm), Şirvanda 145 sm (2017-ci il iyulun 16-da 171 sm), Salyanda 71 sm (2017-ci il iyulun 16-da 86 sm), Bankədə 183 sm (2017-ci il iyulun 16-da 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2017-ci il iyulun 16-da 42 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə