Qəbələdə turizm və qadınlara dəstək layihəsi icra olunacaq

Coca-Cola, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universiteti bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün “Uğurlu qadın, uğurlu gələcək” layihəsinə start veriblər. “Uğurlu qadın, uğurlu gələcək” layihəsinin ilk komponenti üzrə təlimlər Qəbələdə 16 iyul tarixindən başlayır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycanın əsas turizm marşrutlarından sayılan Qəbələdə 6 gün davam edəcək bu təlimlər turizmin əsasları və idarəçiliyi, müştəri xidməti, gigiyena kimi bir sıra önəmli mövzuları əhatə edəcəkdir.

Coca-Cola Fondunun dəstəklədiyi “Uğurlu qadın, uğurlu gələcək” layihəsi Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə, Masallı şəhərlərini və ətraf bölgələri əhatə edəcək. Layihənin məqsədi həmin bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, bu sahədə dövlət siyasətinə və biznes təşəbbüslərinə dəstək olmaqdır. Tədris Türkiyənin tanınmış mütəxəssislərinin Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyəti ilə birgə hazırladıqları proqram əsasında ödənişsiz həyata keçiriləcək, layihə ASAN Könüllüləri tərəfindən icra olunacaqdır.

Layihəyə müraciət üçün təlimlərin təşkil olunacağı "ASAN xidmət" mərkəzlərinə müraciət oluna və ya elektron qeydiyyat üçün keçiddən istifadə oluna bilər: https://goo.gl/ShV4c7

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə