ƏƏSMN və Heydər Əliyev Fondu arasında memorandum imzalanıb FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. SİA-nın məlumatına görə, məlumatına görə, sənədi Nazirliyin Aparat rəhbəri Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar.

A.Əliyev bildirib ki, imzalanan sənəd Prezident İlham Əliyevin sosial inkişaf kursunun yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakının növbəti göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələri ilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinə, onların qayğı mühiti ilə əhatə olunmasına mühüm töhfələrini verir.

Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradıldığını qeyd edən A.Əliyev bildirib ki, Fondun prezidenti Mehriban Əliyevanın xeyirxah missiyasının davamı olaraq, Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan verib. Fondun mühüm sosial layihələrindən biri də “Məzun evi” Sosial Müəssisəsidir. Müəssisədəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olmuş 243 gənc mənzillə təmin edilib.

O qeyd edib ki, imzalanan Memoranduma əsasən, Fondun “Regional İnkişaf” İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq etməklə intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına öz dəstəyini verəcək: “Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxışın təminatı ilə yanaşı, ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Proqramın icrasında əməkdaşlığa dair imzalanan Memorandumu digər ictimai təşkilatlar, biznes qurumları üçün bu sahədə birgə fəaliyyətə təşviq baxımından bir nümunə kimi də dəyərləndirmək olar. Nazirlik özünüməşğulluq proqramının icrası və genişləndirilməsi işlərində digər tərəfləri də əməkdaşlığa, birgə fəaliyyətə dəvət edir və buna hazırdır”.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri M.Abdullayev vurğulayıb ki, Fond yarandığı gündən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələr reallaşdırır. Digər sahələrlə yanaşı, sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə də dəstək verilməsi üçün Fond tərəfindən ardıcıl və əhatəli layihələr, proqramlar həyata keçirilir.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun layihə və təşəbbüsləri fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərə, sosial müdafiəyə ehtiyacı olan digər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli təminatı və reabilitasiyasına diqqət və qayğının artılmasına yönəlib. Fondun xüsusi qayğıya ehtiyacı olan və əlilliyi olan şəxslərlə bağlı bu günədək reallaşdırdığı layihələr arasında Bakıda və regionlarda reabilitasiya mərkəzlərinin və müəssisələrinin yaradılması mühüm yer tutur. Bu mərkəz və müəssisələr ölkədə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun yaradılmasına əhəmiyyətli töhfə verməklə yanaşı, fiziki imkanları məhdud gənclərin peşə reabilitasiyası və onların yaradıcılıq potensialının artırılmasında mühüm rol oynayır.

M.Abdullayev deyib ki, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək, onların asudə vaxtının səmərəli təşkili üçün mütəmadi olaraq həyata keçirilən tədbirlər də Heydər Əliyev Fondunun diqqət mərkəzində saxladığı məsələlərdəndir: "Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına uyğun olan tibbi xidmətlə təmin edilməsi, hərtərfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri yaşayış şəraitinin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşdırılması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən olduğu üçün Fond tərəfindən bu istiqamətdə də uyğun layihələr həyata keçirilir".

Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İB-nin özünüməşğulluq məsələlərinin həllinə hər zaman dəstək verdiyini deyən M.Abdullayev bildirib ki, Birlik fəaliyyəti dövründə respublikanın regionlarında sosial, səhiyyə, təhsil, turizm, idman, ekologiya və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirib.

O əlavə edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və müvafiq qurumların dəstəyi ilə regionlarda aztəminatlı ailələr üçün salınmış meyvə bağları özünüməşğulluğun təmin edilməsi və həmin ailələrin maddi rifahlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Hazırda ƏƏSMN ilə imzalanan əməkdaşlıq Memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirməyə, regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsinə imkan verir. Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının salınması, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur:

"Layihənin üstün cəhətlərindən biri odur ki, həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, RİİB tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin bu təsərrüfatlardan əldə edəcəkləri gəlirlərin istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsində və digər istiqamətlərdə dəstək göstəriləcək".

Bildirilib ki, həyata keçiriləcək bu layihə işsiz kimi qeydiyyata alınmış şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə