Sabah yağış yağacaq, şimşək çaxacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

İyulun 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Sabah bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Qeyd edək ki, Azərbaycanın rayonlarında iyulun 16-sı axşamdan iyulun 18-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə