Daşkəsən rayonu inkişaf yolunda

Rayonda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Dünən Daşkəsən rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncağı giriş nitqi ilə açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev son günlər Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı münasibət bildirib.

Rayon rəhbəri bildirdi ki, iyulun 3-də ölkədəki sabitliyi, ictimai asayişi pozmağa çalışan əvvəlcədən hazırlıqlı olan cinayətkar, kriminal yönümlü şəxsin Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və iki polis əməkdaşına qarşı məqsədyönlü şəkildə planlaşdırılmış terror aktı törədildiyini söyləyib: "İyulun 10-da isə insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik edən radikal dini yönümlü qüvvələr iğtişaş törətməyə cəhd göstəriblər. Hadisə zamanı radikal dini təmayüllü bir qrup şəxsin küt və kəsici-deşici alətlərlə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına hücum etməsi nəticəsində 2 polis zabiti qətlə yetirilərək şəhid olublar".

Ə.Abıyev onu da vurğulayıb ki, Azərbaycana düşmən münasibətdə olan məkrli qüvvələrin bütün cəhdlərinə baxmayaraq, hadisə ölkədə heç bir çaxnaşma, xaos və qarşıdurma yaratmadı: "Çünki Azərbaycan hökuməti əhalinin təhlükəsizliyini qətiyyətlə təmin etmək iqtidarındadır və dövlət etibarlı əllərdədir. Xalqımızın belə məqamda dövlətə dəstək olması, yüksək şüurluluq, həmrəylik göstərməsi, ölkədəki sabitliyi pozmağa çalışan qüvvələrin çağırışlarını, birmənalı olaraq, pisləməsi çox mühüm tarixi bir missiyanı - Gəncə vətəndaşlarının dövlətə, iqtidara, hakimiyyətə olan inamını və etimadını bir daha da təsdiqlədi. Bütün bunlara baxmayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə təmin olunub, Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini kifayət qədər qoruyur, xalq-iqtidar birliyi də sarsılmazdır və əbədidir".

Tədbir iştirakçıları şəhid olan polis zabitlərinin ruhunu yad edərək, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Sonra Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2018-ci ildə bir çox uğurlu işlər və nailiyyətlər əldə olunub: "Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2018-ci ilin 6 ayı ərzində, bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır. Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir. Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin çox hissəsi (90,7 %) ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Möhtərəm Prezident Cənab İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalamış, həmin Sərəncama əsasən, Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin içməli su ilə təminatının yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunmuş və həmin sahə üzrə müəyyən işlər görülmüşdür. Xoşbulaq kənd həkim məntəqəsində təmir işləri aparılmışdır. Şahvələdli kənd ümumi orta məktəbində yeni modul tipli məktəb binası quraşdırılır. Azərbaycan Respublikası Prezidentinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında 5 aprel 2018-ci il tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən, Daşkəsən rayonunun Almalı kəndində və Daşkəsən qəsəbəsində hər birində 56 şagird yerlik, Gurbulaq kəndində isə 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuşdur.

2018-ci ildə Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının təmiri nəzərdə tutulmuş və artıq həmin işlərin icrasına, eyni zamanda, Daşkəsən şəhərində tikinti-təmir, abadlıq işlərinə, o cümlədən, istinad divarlarının təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir".

Ərzaq təhlükəsizliyi məsələlərinin daim dövlətin diqqət mərkəzində olduğunu deyən Ə.Abıyev bildirib ki, rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir. Cari ilin keçən dövrü ərzində rayon ərazisində 1200,2 hektar sahədə kartof, 59,3 hektar sahədə kələm, 66,1 hektar sahədə lobya, 100 hektar yonca və 45,5 hektar göyərti əkilmişdir.

Ə.Abıyev onu da vurğulayıb ki, 2018-ci ilin 6 ayı ərzində, Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 134800 manat həcmində rabitə xidməti göstərilmişdir. Cari ilin birinci yarısında əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə