“Demoqrafiya” dərs vəsaiti ictimaiyyətə təqdim olunub

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyevin “Demoqrafiya” dərs vəsaitinin təqdimatı olub.

AMEA-dan SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova yeni nəşrin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, dərs vəsaitində əhalinin qeydiyyatı və sayı, təbii artım komponentləri, demoqrafik tərkibi, əhalinin strukturunun müqayisəsi üçün analoqların seçilməsi, demoqrafik keçid nəzəriyyəsi, nikahlılıq və boşanma, əhalinin miqrasiyası, demoqrafik proqnoz və digər məsələlər əksini tapıb.

İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, AMEA-nın müxbir üzvü Şahbaz Muradov ölkəmizdə əhalinin demoqrafik inkişafının iqtisadiyyatımızın yüksəlişinə, respublikamızın müdafiə qabiliyyətinin təmininə və bilavasitə dövlət təhlükəsizliyinə təsir etdiyini bildiriblər. Vurğulanıb ki, bu baxımdan əhalinin sayının və tərkibinin proqnozlaşdırılması, demoqrafik və sosial-iqtisadi proseslər arasındakı əlaqələrin araşdırılması, icraedici orqanlar üçün demoqrafik siyasət üzrə tövsiyələrin hazırlanması olduqca vacibdir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunan tədbirdəki proqram xarakterli çıxışında da bu elmi istiqamətin aktuallığına toxunub, alimlərimizi demoqrafik vəziyyətlə bağlı tədqiqatlar aparmağa səsləyib. Bu məqsədlə üç ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsində ilk dəfə Azərbaycan dilində “Demoqrafiya” kitabı ərsəyə gəlib.

R.Efendiyev kitabın çapdan çıxmasında köməyi olanlara təşəkkürünü bildirib. O, demoqrafiya sahəsində vahid bir tədqiqat mərkəzinin yaradılmasına ehtiyac olduğunu deyib. Bu istiqamətdə dünya təcrübəsindən danışan alim bildirib ki, yaradılacaq demoqrafik mərkəz iqtisadi, sosial, hərbi, tibbi, tarixi, coğrafi və etnik demoqrafiya sahələrində çoxşaxəli tədqiqatların aparılmasına təkan verəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə