Məleykə Abbaszadə Tovuzda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 12-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Tovuz rayonunda vətəndaşları qəbul edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, qəbulda Tovuz rayonunun sakinləri ilə yanaşı Şəmkir, Qazax və Ağstafa rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl Tovuz Rayon İcra Hakimiyyətinin önündə yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, buraxılış imtahanlarının nəticələri və qabiliyyət imtahanları, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə