Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Azərbaycandadır

Dövlət Dumasının sədri: "Rusiya və Azərbaycan parlamentlərinin komitələrinin qarşılıqlı əlaqələrini genişləndirmək lazımdır"

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin iyunun 25-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.

Vyaçeslav Volodin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

"Parlamentlərarası əlaqələrimizdə, təbii ki, inkişaf üçün potensial var. Azərbaycana səfərin parlament ölçüsü çərçivəsində əlaqələrin regionlararası səviyyəyə çatdırılmasına imkan verəcək razılaşmalar əldə olunması və ümumilikdə, xalqlarımız arasındakı münasibətlərin inkişafına təkan verməsi ilə nəticələnəcəyinə ümid edirik". Bunu Rusiya Federasiyası Federal Şurasının Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfəri çərçivəsində deyib.

O, Azərbaycana bu səfərin yeddinci çağırış Dövlət Dumasının nümayəndə heyəti üçün ilk səfər olduğunu xatırladıb və iki ölkənin parlamentarilərinin ölkə prezidentləri tərəfindən qaldırılmış bir çox məsələləri həll etməli olduğunu bildirib.

"Dövlət başçılarımız kifayət qədər tez-tez görüşür, onlar çox vacib məsələləri, əlaqələrimizin inkişafı ilə bağlı məsələləri müzakirə edirlər. Parlamentlərin vəzifəsi Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında əldə olunan həll yollarının qanuni təminatıdır. Buna görə də, bu, işimizdə pritoritetlərdən biridir" - V.Volodin vurğulayıb.

Dövlət Dumasının sədrinin sözlərinə görə, regionlararası əməkdaşlıq çərçivəsində 2019-cu ildə birgə konfransın keçirilməsi məsələsini nəzərdən keçirmək, eyni zamanda Rusiya və Azərbaycan parlamentlərinin komitələrinin qarşılıqlı əlaqələrini genişləndirmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...