Elmi, ictimai-siyasi fəaliyyəti ilə müdriklik zirvəsinə yüksələn ziyalı Sudeyif İmamverdiyev - 80

İnsan yaşadığı ömrün arxasında əməli fəaliyyəti ilə izlər salır ki, zaman yetişəndə verdiyi hesabatında vərəqləyə biləcəyi şərəfli məqamlar olsun. Bir ömrün arxasından görünən illər insanın yaşam tərzinin naxışı, onun mənəvi dəyərlərinin əksi, əqli düşüncəsinin ziyası, vətənə sevgisinin ifadəsidir. Zəngin ömür yaşayan və ömrünü şaxələnmiş fəaliyyətə həsr edən insanların çalarlı dünyasından eşidilən səslər, oxunan sətirlər hesabat üçün ən gözəl və əvəzolunmaz mənbədir. Bu mənbənin yaddaşında həkk olunan əməli fəaliyyət portret cizgiləri yaratmış olur. 80 illik ömür yolunda müdriklik və kamillik zirvəsinə yüksələn Sudeyif İmamverdiyev kimi. Bu yaşda artıq arxaya boylanıb, keçdiyi, yaşadığı illərə nəzər salaraq, hesabat verərkən, alnıaçıq şəkildə ictimai-siyasi və elmi fəaliyyəti haqqında deməyə sözü kifayət qədərdir. Bəli, bu yaş yaşanılan illərin qeyri-ixtiyari təhlilidir.

Azərbaycanın nüfuzunun artmasında, mütərəqqi yolla inkişafında sayılıb-seçilən ziyalılar sırasında Sudeyif İmamverdiyevin də ismi var. Yüksək zəkası, istedadı, insani keyfiyyətləri ilə seçilən və ətrafa ziya, nur saçan S.İmamverdiyev xalqın sevilən, seçilən övladlarından biri kimi fədakar ömür yaşayıb. Belə ki, elmin inkişafına töhfə verən nəcib niyyətli ziyalı potensialı, intelekti, düşüncə tərzi ilə fərdi tərcümeyi-halın müəllifinə çevrilərək, bütün gücü ilə elmə, cəmiyyətə, xalqa xidməti həyat yolunun amalına çevirmişdir.

2 iyul 1938-ci il tarixində Astara rayonunda dünyaya göz açan AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, "Şöhrət" ordenli S.İmamverdiyev doğulduğu məkanda orta məktəbin rus bölməsini bitirərək, 1956-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. 1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-ci ildə isə Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

1975-ci ilin yanvarından tibb elmləri doktoru S.İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır. 1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-nı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.

Onun elmi-pedaqoji fəaliyyəti çoxşaxəli və genişdir. Geniş dünyagörüşünə, biliklərə və yüksək təcrübəyə malik olaraq, o, urologiyanın və andrologiyanın aktual istiqamətlərini inkişaf etdirərək, böyük nailiyyətlər əldə etmişdir. Alim cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək, urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və səmərələşdirici təklif vermişdir. Bütün bunlar urologiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.

Yüksək elmi təfəkkürə malik alim Azərbaycan elmini dəfələrlə dünyanın 30-dan çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil etmişdir.

O, Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daima çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Alimin rəhbərliyi altında 15 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunub. 1 namizədlik dissertasiyası ilkin müdafiəyə hazırlanır, 3 doktorluq dissertasiyası yazılır. Onun hazırladığı alimlər sırasında xarci ölkə vətəndaşları var.

Elmi fəaliyyətinə nəzər salarkən, məlum olur ki, S.İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 280-dan çox elmi məqalələrin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 1 metodik vəsaitin, 1 dərsliyin, 13 səmərələşdirici təklifin və ixtiranın müəllifidir. O, 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həmçinin, 2005-ci ildə "SKV" Azərbaycan Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloqlar Konfedarasiyasının sədri seçilib.

Alim elm sahəsində göstərdiyi xidmətlərə görə, 2000-ci ilin iyun ayında Azərbaycan Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2006-cı ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə Y.Məmmədəliyev adına medalla təltif edilib, 2008-ci ildə isə əməkdar elm xadimi adına layiq görülüb. Alim, həmçinin, elm sahəsində göstərdiyi xidmətlərə görə, 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib, "Elmi Məktəbin Yaradıcısı" fəxri adına layiq görülüb. Cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə "Nobel" medalı ilə təltif olunub.

S.İmamverdiyev elmi fəaliyyəti ilə yanaşı, ölkənin ictimai-siyasi həyatında da müstəsna rolu olan ziyalılardandır. 1992-ci ildə məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Belə bir addım böyük cəsarət tələb edirdi. Bu, o zaman idi ki, həmin dövrdə ölkəmiz ağır duruma düşərək, siyasi və iqtisadi böhran keçirirdi. O, müsahibələrinin birində vurğulayıb ki, "91-lər hərəkatı" kimi tariximizə düşən bu hadisə çox önəmlidir: "Çünki bu ziyalılar görürdü ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilib, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşürdü. Yəni sözün əsl mənasında, vətən əldən gedirdi. Müstəqilliyin ilk illərində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı üçün ümidlər yalnız Ümummilli Lider Heydər Əliyevə idi".

YAP Siyasi Şurasının üzvü S.İmamverdiyev 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin (Milli Məclis) deputatı, 2000-ci ildə II dövr (2005-ci ilədək) yenidən Milli Məclisə deputat seçilib.

Azərbaycanın bugünkü uğurları onu qürurlandırır. Ölkəmizin dinamik inkişafından, beynəlxalq aləmdə nüfuzundan, söz sahibinə çevrilməsindən ruhlanması S.İmamverdiyevin vətəninə olan sevgisinin təzahürüdür. "Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil" - deyən ziyalı həmin illərdə insanların ən kiçik sosial ehtiyaclarını ödəyə bilmədiklərini vurğulayır: "Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də, əhali böyük şəhərlərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də, Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir. Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər və tibb ocaqları tikilib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin bəhrələridir".

Elmi fəaliyyətini, bütün həyatını xalqımızın sağlamlığına, gənclərimizin savadlanmasına, ölkəmizin inkişafına həsr etmiş S.İmamverdiyevin zəngin ömür yolu Azərbaycanla bağlıdır. Müasir Azərbaycan səhiyyəsinin görkəmli nümayəndəsi olan S.İmamverdiyev tibb elmində qazandığı uğurlar, ictmai-siyasi həyatda qətiyyətli mövqeyi bir insan, ziyalı, vətəndaş kimi onu xarakterizə edir.

S.İmamverdiyevi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı arzulayır, elmi-ictimai fəaliyyətində daha böyük nailiyyətlər diləyirik.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə