Dövlət qulluqçularının peşə bayramına həsr edilən elmi-praktik konfrans

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 10 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən “Dövlət qulluğunun aktual problemləri” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, konfransın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi, müxtəlif nazirliklər, Heydər Əliyev Mərkəzi, Ombudsman Aparatı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Dövlət Komitələri və Xidmətlərinin, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və rayon icra hakimiyyətlərinin təmsilçiləri iştirak ediblər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. “Dövlət qulluğunda innovativ idarəetmə texnologiyalarının tətbiqi: proses və nəticə” adlı məruzəsində Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən natiq ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə diqqət çəkib. Respublikamızda dövlət qulluğunun təkmilləşdirilməsi prosesinin uğurlu nəticələrindən danışan akademik XXI əsrin prioriteti olan davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətlərdən söz açaraq bunun əsasında Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəçilik texnologiyalarının durduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Dovlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov “Dövlət qulluğunda aktual problemlər və çağırışlar” adlı məruzə ilə çıxış edib. B. Xəlilov dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və onların nəticələrindən söz açıb. O bildirib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir. B.Xəlilov qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və obyektiv əsaslarla aparmaqdan ibarətdir.

Konfransda daha sonra DİM-in Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov tərəfindən “Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlərin aktual istiqamətləri”, akademiyanın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova tərəfindən isə “Dövlət qulluçularının tədris və təlim sisteminin təşkilində ənənə və innovasiyalar” adlı təqdimatlar edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə