Səbaildə narkotiklərlə bağlı tədbir keçirilib

Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının təşkilatçılığı ilə rayon ərazisindəki idarə və təşkilatlarda, ali və orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlər əleyhinə mübarizə istiqamətində silsilə tədbirlər keçirilib. SİA-nın verdiyi məlumata görə, bu təbirlər çərçivəsində RİH-də rayon rəhbərliyi, rayon hüquq mühafizə orqanlarının, pedaqoji işçilərin, veteranlar, din xadimləri, gənclərin nümayəndələrinin həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu üzvlərinin iştiraki ilə "26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev bildirib ki, paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilmişdir. Bu istiqamətdə RİH ilə birlikdə hüquq mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri də geniş fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Qeyd olundu ki, narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşması və genefond üçün mühüm təhlükə olduğu üçün bu qəbildən olan tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir.

Eldar Ağayev yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyinə toxunaraq yay aylarında Səbail RİH tərəfindən təşkil olunan tədbirlər barədə məlumat verib, narkomaniya ilə bağlı keçirilən tədbirlərin əsas məqsədinin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu dəhşətli sosial bəla ilə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev, Bakı Şəhər Narkoloji dispanserinin həkim-narkoloqu Fizzə Məmmədova, Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İlham Mədətov, İçəri şəhər “Həzrət Məhəmməd” məscidinin axundu Hacı Sadiq Əsgərov, XXI Əsrin Qadınları İB-nin sədri Mahirə Əmirhüseynova, Rayon Polis İdarəsi İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenentı Anar Hüseynov və başqaları ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd ediblər.

Çıxışlarda Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanıb.

Qeyd olunub ki, ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.

Sonra tədbir iştirakçılarına narkomaniyanın dəhşətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə