“Əsas məqsədimiz istedadlı uşaqları üzə çıxarmaqdır”

Uşaqların maraq və bacarıqlarının, intellektual səviyyələrinin üzə çıxarılmasında, onların yaradıcılıq qabiliyyətlərinin inkişafında və fiziki cəhətdən sağlam böyümələrində məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti danılmazdır.

Mütəxəssislər hesab edir ki, məktəbdənkənar təhsil uşaqların psixoloji cəhətdən sağlam formalaşması ilə yanaşı, onlarda kollektivçilik təcrübəsinin yaranmasında böyük rol oynayır. Beynəlxalq təcrübədə valideynlər uşaqlarını kiçik yaşlarından müxtəlif dərnəklərə yazdırır və onların daxili bacarığını kəşf etməyə başlayırlar.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində (RUGİM) də uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkili üçün bir sıra dərnək və qruplar fəaliyyət göstərir.

Mərkəzin nağara qrupuna maraq böyükdür və nağara müəllimi Azad Hüseynov nağara sənətinin sirlərini tələbələrə mükəmməl şəkildə öyrədir. A.Hüseynov deyir ki, Mərkəzdə rəsm və rəqs dərnəkləri, qarmon və nağara qrupları var. Burada uşaqların musiqinin sirlərinə yiyələnməsi üçün bütün lazımi şərait yaradılıb. Mərkəzdən çalışan hər bir müəllim isə öz ixtisası üzrə peşəkardır: “Əsas məqsədimiz istedadlı uşaqlar üzə çıxarmaq, musiqiyə olan maraqlarını daha da artırmaqdır. İstedadlı gənc məktəb oxumadan, müəllim görmədən heç vaxt istəyinə nail ola bilməz. Elə biz də çalışırıq ki, bu istedadları tapaq, onların üzərində işləyək və sonra da böyük sənət yollarında addımlamaqda gənclərə kömək göstərək”.

A.Hüseynov bildirib ki, nağaranı mükəmməl ifa etmək üçün daim öz üzərində çalışmaq və hər gün məşq etmək lazımdır: “Mən hər zaman tələbələrimə tövsiyyə edirəm ki, musiqiyə çox qulaq assınlar. Nağarada düzgün ifa etmək üçün sənətkara, sözə qulaq asmaq, musiqini dinləmək lazımdır. Musiqi duyumu bu sahədə çox mütləqdir. Bir də ritmə uyğun saymağı bacarmaq. Saymasan anlamazsan və ifa edə bilməzssən: “Bizə məxsus "Yallı", "Qazaxı", "Cəngi", "Çırtma", "Çırtmaşapalaq", "Qoşaşapalaq" ritmləri var. Bunları dərk etmə lazımdır. Kim nə qədər bacarır, o qədər də ölçülər vurur. Mən çalışıram ki, tələbələrimə nağarada düzgün ifa etməyi öyrədirəm. Nağaranı musiqi aləti kimi dərk etsinlər. İstəyirəm və çalışıram ki, uşaqlar ritmi, notu öyrənsinlər. Çünki notun özü musiqi deməkdir. Qısa mənada desək, hər bir alətin ifaçısı kimi nağara ifaçısının da musiqi savadı olmalıdır”.

Artıq 36 ildir nağara ifa edən A.Hüseynov deyir ki, hələ uşaqlıqdan zərb alətlərinə, nağaraya maraq göstərib. Bu sənətə marağı və sevgisi onu keçmiş Yuri Gagarin Adına Pionerlər Sarayına indiki Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinə gətirib. O Mərkəzin “Cücələrim” Ansamblında Azər Əliyevin rəhbərlik etdiyi nağara dərnəyinə yazılıb. Nağara sənətinin sirlərini də məhz müəllimi Azər Əliyevdən öyrənib. Sonra 6 Sayılı Musigi Mektəbinin nağara dərnəyini bitirib. 1994-cü ildən 2003-cü ilədək Türkiyyənin İstanbul şəhərində nağara və rəqs dərnəyində müəllim kimi fəaliyyət göstərib. Türkiyədən qayıtdıqdan sonra 2004-cü ildə Azərbaycan Dövlət İncəsənət Gimnaziyasının Xoreografiya şöbəsində müəllim kimi çalışıb. Hal hazırda Respublika Uşag Gənclər İnkişaf Mərkəzinin Nağara dərnəyində müəllim kimi fəaliyyətini davam etdirir: “Nağara ifaçılarının əksəriyyətinin əlinin içi bu alətdə ifaçılıqdan dolayı qabar bağlayır. Bu qabar ifaçının nağaraya olan sevgisinin ölçü vahididir. Əllərdəki qabar bəzilərini bu sənətdən çəkindirir, kimisi də ömrünü bu qabarla yaşamağı seçir. Yeni ifa zamanı o yaralar incidir, sonradan isə artıq qabarla yaşamaq həyat tərzinə çevrilir. Mən tələbələrimə də deyirəm ki, əgər nağara ifaçılığını seçirsinizsə bu sənətin çətinliklərinə də qatlaşmağı bacarmalısınız”.

Müəllim vurğulayıb ki, uşağlarla işləmək çox çətindir: “Mən əsasən 4 yaşdan yuxarı uşaqlarla çalışıram. Bu yaşda uşaqlarla işləmək çox çətindir, böyük məsuliyyət, səbr və hövsələ tələb edir. Onlara nağara alətini sevdirmək, sənətin bütün incəliklərini dərindən öyrətmək üçün əlimdən gələni edirəm. Uşaqlarla işləməyi sevirəm, bundan yorulmuram, bezmirəm. Onların hər birinə sevgi ilə yanaşıram. Tələbələrim içərisində istedadlı uşaqlar çoxdu və mən onlardan cox razıyam. Əsas məqsədim Azərbaycan ritm sənətini ölkə və dünyada layiqincə təmsil etməkdir”.

A.Hüseynovun sözlərinə görə, uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirmək və artırmaq məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa - uşaq və gənclərin Respublika festival-müsabiqəsi keçirilib. Mərkəzin nağaraçılar qrupu müsabiqədə uğurla çıxış ediblər: “Tələbələrimin mükəmmər ifası hər kəs tərəfindən alqışlarla qarşılanıb. Onların hər bir uğuru məni çox sevindirir, fərəhim yerə-göyə sığmır”.

A.Hüseynov vurğulayıb ki, aprelin 20-24-dək Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nağaraçalanlar qrupu Türkiyənin İstanbul şəhərində Sancaktəpə Bələdiyyəsi və Bilgi evlərinin birgə təşkilatçılığı ilə keçirilən 23 Nisan uşaq bayramına həsr olunmuş V Uluslararası Çocuk Festivalında iştirak edib: “Nağaraçalanlar qrupunun çıxışı hər kəs tərəfindən böyük maraq və alğışlarla qarşılandı. Qeyd edim ki, Mərkəzin tələbələri ölkə ərazisində keçirilən əksər tədbirlərdə iştirak edir. İyunun 1-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “Uşaq festivalı”nda da Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələri rəqs və musiqi nömrələri ilə çıxış ediblər”.

Bütün xəbərlər Facebook səhifəmizdə